...

2011-ci ildə Azərbaycanda nağd olmayan ödənişlərin stimullaşdırılması üzrə tədbirlər gücləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2011 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir N.İsmayılova/ 

2011-ci ildə Azərbaycanda nağd olmayan ödənişlərdən istifadə səviyyəsinin yüksəldilməsi üzrə bir sıra tədbirlərin həyata keçirilməsi gözlənilir. Bu barədə cümə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

"Hazırda komitə ölkənin Vergi Məcəlləsinə sahibkarlığa yardım, vergi siyasətinin effektiv artırılması və vergi mədəniyyəti səviyyəsinin yüksəldilməsinə yönəldiləcək əlavə və dəyişikliklərin hazırlanmasında fəal iştirak edir. Həmçinin, Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar olaraq qaydalarda nağd olmayan ödənişlərin stimullaşdırılması üzrə vergi güzəştləri hesaba alınacaq", - Səmədzadə deyib.

Onun sözlərinə görə, ölkədə ödəniş kartlarının istifadəsini genişləndirmək planlaşdırılır və bununla əlaqədar olaraq pozuntu üçün cərimə sanksiyaları genişlənəcək.

"Bütünlüklə il ərzində bu sahədə böyük dəyişikliklər gözlənilir və Mərkəzi Bank tərəfindən ciddi işlər aparılır", - o deyib.

Bundan əvvəl ölkənin vergilər nazirinin birinci müavini Natiq Əmirovun dediyi kimi, nağd olmayan ödənişlərin stimullaşdırılması çərçivəsində nağd olmayan əməliyyatların aparılması ilə bağlı vergi qoyuluşunu aşağı salmaq, həmçinin, stimullaşdırıcı lotereyalar tətbiq etmək planlaşdırılır.

Azərbaycanda müasir elektron ödəniş xidmətlərinin təkmilləşməsi və inkişafı üzrə birinci dövlət proqramı ölkə prezidentinin 2004-cü il 9 dekabr fərmanı ilə təsdiq olunub. Dövlət proqramı irəliləyişə səbəb olub və müasir ödəniş xidmətləri sisteminin inkişafı üzrə irimiqyaslı islahatların keçirilməsi üçün səmərəli şərait yaradıb. Azərbaycanda proqramın tətbiq olunduğu vaxtdan plastik kartlar bazarının təkmilləşməsi, pensiyalar, təqaüdlər və bir sıra sosial yardımlar, həmçinin büdcə təşkilatlarında işləyən işçilərə ödəniş kartları vasitəsilə əməkhaqlarının verilməsində uğur əldə olunub.

Hazırda Azərbaycan Mərkəzi Bankı əsas məqsədi əhalinin elektron ödəniş alətlərindən geniş şəkildə istifadəsinin stimullaşdırılması və şərtlərin yaradılması olan yeni ödəniş sisteminin inkişaf strategiyasını hazırlayır. Mərkəzi Bankın yeni proqramı çərçivəsində istehlakçıların maarifləndirilməsi üzrə tədbirlərin həyaya keçirilməsi planlaşdırılır ki, bu da ölkədə POS-terminalların geniş tətbiqinə müsbət təsir göstərəcək.

Mərkəzi Bankın məlumatlarına əsasən, 2010-cu il dekabr ayının sonuna ölkədə 4231 min ödəniş kartı olub ki, bu da 2009-cu ilin sonuna olan göstəricini 6,5 faiz ötüb.

Xəbər lenti

Xəbər lenti