Başlıq dəyişib, hadisənin başvermə səbəbləri haqqında məlumat əlavə olunub (ilk xəbər 05:12-də yayılıb)
Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.Hüseynov/
Bakı sahillərində dayanan "Şirvan" yük gəmisində baş verən güclü yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Bu barədə Trend-ə hüquq mühafizə orqanlarındakı mənbədən məlumat veriblər.
Çərşənbə axşamı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən deyildiyi kimi, hazırda strukturun rəhbərlərindən və gəmiçiliyin mütəxəssislərindən ibarət komissiya yaradılıb və o, hadisənin səbəblərini araşdırır.
Həlak olan Qarayev Raqif Yurka oğludur. Onun atası Yurka Qarayev isə cüzi xəsarət alıb, mənbə xəbər verib.
Kliniki Tibbi Mərkəzdən bir qədər əvvəl Trend-ə verilən məlumata görə, yanğın nəticəsində xəsarət alanlardan biri çərşənbə axşamı tibb mərkəzinə çatdırılıb.
"Bizim Mərkəz bir nəfəri qəbul edib. Bu, 1971-ci il təvəllüdlü Şaiq Nəsib oğlu Mirzəyevdir. Xəstə çənə nahiyəsində cüzi zədələr alıb. Onun vəziyyəti normaldır", - Kliniki Tibbi Mərkəzdən Trend-ə deyiblər.
Çərşənbə axşamı gecə Bakı sahillərində dayanan "Şirvan" yük gəmisində güclü yanğın baş verib. Bu barədə Trend-ə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən məlumat veriblər.
Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin hadisə yerinə gəldiyi bildirilib.