Azərbaycan, Bakı, 1 mart /Trend/
Azərbaycanda elektron ödəniş sistemlərinin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə "Texnika Bank" ASC müştərilərə müxtəlif ödəniş kartlarının verilməsi və POS-terminalların quraşdırılması üzrə yeni kampaniyaya başlayıb. Bu barədə çərşənbə axşamı bankın rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.
"Texnika Bank"ın kampaniyası çərçivəsində bütün növ kartların dəyərinə 50 faizlik endirim təklif olunur. Eləcə də POS-terminalların quraşdırılması zamanı fiziki və hüquqi şəxslərin fəaliyyət növündən asılı olmayaraq bank ödəniş tələb etməyəcək.
Nağdsız əməliyyatlar nəticəsində sahibkarın hesabından silinən hesabın məbləğindən də xidmətə görə ödəniş tutulmayacaq.
Bankın statistikasına görə, 2011-ci il yanvarın sonlarında "Texnika Bank"ın aktiv plastik kartlarının sayı 47 975 ədəd təşkil edib. "Texnika Bank" ölkədə 61 bankomat, 101 POS-terminal quraşdırıb. 2010-cu ilin əvvəlinə bankın buraxdığı plastik kartların sayı 44,7 min ədəd, bankomat 57 və POS-terminal 340 olub.
POS-terminalların sayının azalması onunla izah olunur ki, mərkəz sistemin dəyişdirilməsi və istifadə olunmuş POS-terminalların yeniləri ilə əvəz edilməsi üzrə işlər həyata keçirir.
Bankın ödəniş kartları onun mülkiyyətində olan "Texkart" prosessinq mərkəzində xidmət göstərir. Mərkəz 2010-cu il fevralın 26-dan fəaliyyətə başlayıb. Bu gün prosessinq mərkəzi VISA International və MasterCard ödəniş sistemlərində sertifikatlaşmadan keçib.
"Texkart" prosessinq mərkəzi "Texnika Bank" ASC tərəfindən 2007-ci ildə yaradılıb. Şirkət ilk olaraq "Texnika Bank" üçün kartlar emissiya edir, gələcəkdə isə digər banklara da xidmətlərin göstərilməsi nəzərdə tutulub. "Texkart"ın nizamnamə kapitalı bir milyon manat təşkil edir.
"Texnika Bank" ölkənin bank bazarında 1993-cü ildən fəaliyyət göstərir, 2007-ci ilədək 100 faizlik Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə 10 faizinə nəzarət edir.