Azərbaycan, Bakı, 5 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında fərman imzalayıb, dövlət başçısının rəsmi saytı xəbər verir.
Fərmana görə, Nazirlər Kabinetinə iki ay müddətində şəhərdaxili (rayonlardaxili) marşrutlarda sərnişinlərin avtobuslara dayanacaqlardan kənarda minib düşməsinə görə inzibati məsuliyyətin gücləndirilməsi üzrə təklif təqdim etməsi tapşırılıb.
Nəqliyyat Nazirliyinə tapşırılıb ki, Daxili İşlər Nazirliyi ilə birlikdə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğunu müəyyən etmək üçün DİN-in stasionar postlarında və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən yerlərdə (ümumi istifadədə olan avtomobil yollarında və yaşayış məntəqələrinin küçələrində) xüsusi ölçü alətlərini, cihazlarını və avtomobil tərəzilərini dörd ay müddətində quraşdırsın.
Həmçinini NN-ə avtomobil nəqliyyatı ilə müntəzəm marşrutlar üzrə şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının marşrut şəbəkəsinin optimallaşdırılması üçün bir ay müddətində marşrut sxemlərində zəruri dəyişikliklər edilməsi və bu barədə əhalinin məlumatlandırılmasının təmin edilməsi tapşırılıb.
Görülən işlər barədə dövlət başçısna məlumat verilməsi də tapşırılıb.