...

Azərbaycan sahibkarları ilin əvvəlindən 23 milyon manat güzəştli kredit alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 17:30 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax və ətraf rayonların 35 sahibkarına güzəştli şərtlərlə 418 min manat kredit verilib.
Azərbaycan sahibkarları ilin əvvəlindən 23 milyon manat güzəştli kredit alıblar

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax və ətraf rayonların 35 sahibkarına güzəştli şərtlərlə 418 min manat kredit verilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Bu vəsaitlər hesabına layihələrin həyata keçirilməsi 70-dən çox yeni iş yerinin açılmasına kömək edəcək", - məlumatda deyilir. Tədbir 180-ə yaxın sahibkarın iştirakı ilə Yevlaxda keçirilib.

Tədbir çərçivəsində "AS İnşaat" MMC-nin illik istehsal gücü 16 min ton dəmir-beton konstruksiyaları olan tikinti materiallarının istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Yevlax rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 3 istiqamət üzrə - gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun, illik istehsal gücü 2 min ton olan müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının və faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

2011-ci ildə SKMF 23 milyon manat məbləğində 241 kredit verib. Kreditlər yeni texnologiyaların tətbiqinə əsaslanan 17 böyük və irihəcmli investisiya layihəsini - 5 müasir çörək istehsalı müəssisəsi, 2 soyuducu anbar kompleksi, südlük istiqamətli cins heyvandarlıq kompleksi, müasir istixana kompleksi, 3 quşçuluq təsərrüfatı, ət emalı (kəsim sexi) və s. əhatə edib.

Ümumilikdə Fond 2010-cu ildə 1430 sahibkara 115 milyon manat məbləğində güzəştli kreditlər verib. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür. Bu kreditlər hesabına 5600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu il Fond güzəştli kreditlərin maliyyələşdirilməsinə 125 milyon manat ayırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti