...

Azərbaycanın turizm obyektlərində kadr siyasətinə olan tələblər düzgündür - Turizm İnstitutu

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şirkətlərində və obyektlərində ali turizm təhsilli kadrların olması ilə bağlı mövqeyi indi yüksəkixtisaslı kadrların qıtlığını nəzərə alaraq düzgündür. Bu barədə institutun rektoru Cəfər Cəfərov bildirib.

"Belə mövqe turizm sənayesində göstərilən xidmətlərin peşəkar artımı baxımından düzgündür", - Cəfərov deyib.

Onun sözlərinə görə, əvvəllər belə qərarın qəbul edilməsi qeyri-real olardı. Lakin indi ölkədə Turizm İnstitutunun fəaliyyət göstərdiyi vaxtda, bu, adıçəkilən sahədə mütəxəssislərin potensialının artmasını stimullaşdıracaq düzgün addımdır.

"Nazirliyin tələbi təkcə Azərbaycan Turizm İnstitutunda ali təhsil almağa məcbur etmir, belə ki, digər ölkələrin ali məktəblərində də təhsil almaq olar", - Cəfərov vurğulayıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bundan əvvəl dediyinə görə, 2011-ci ildə nazirlik ölkədə turizm fəaliyyətinin həyata keçirilməsinə görə lisenziyanın alınma şərtlərini sərtləşdirməyi planlaşdırır. Başlıca şərt yüksəkixtisaslı kadrların mövcudluğu olacaq.

"Belə kadrları olmayan turizm şirkətləri bağlanacaq", - nazir qeyd edib.

Onun sözlərinə görə, əvvəllər turizm şirkətlərinə qarşı belə tələblər irəli sürülməyib, lakin indi mehmanxana və turizm şirkətlərinin əməkdaşlarının ali təhsilli olması məcburidir.

"2011-ci ildə "Turizm ili" çərçivəsində göstərilən xidmətlərin keyfiyyətini və fəaliyyət lisenziyasının mövcudluğunu yoxlamaq üçün monitorinqlərin keçirilməsi planlaşdırılır", - nazir qeyd edib.

Mədəniyyət və Turizm Nazirliyi 2010-cu ildə hüquqi və fiziki şəxslərə turizm xidmətlərinin göstərilməsi üçün 38 lisenziya verib. Hazırda ölkədə 207 lisenziyalı turizm şirkəti fəaliyyət göstərir.

2010-cu il ərzində 21 hüquqi və fiziki şəxsə mehmanxana xidmətlərinin göstərilməsi üçün lisenziya verilib. Hazırda ölkədə nazirliyin lisenziyası əsasında 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il dövlət təsnifatından mehmanxana və mehmanxana tipli 16 obyekt keçib. Nəticədə belə obyektlərin sayı 77 təşkil edib.

İnstitut 2006-cı il fevrfalın 13-də Turizm Nazirliyi yanında yaradılıb. İnstitutda bir fakültə və yeddi kafedra fəaliyyət göstərir. Təhsil aşağıdakı ixtisaslar üzrə aparılır: turizm və istirahət menecmenti, turizm və qonaqpərvərlik menecmenti, sanatoriya və kurort müəssisələrində tibbi xidmətin təşkili, sağlamlıq və kurort, turizm mədəniyyəti və incəsənət, idman turizmi, linqvistika.

Xəbər lenti

Xəbər lenti