Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ildə yürüdülən balanslaşdırılmış sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, ölkənin dinamik inkişafına, yüksək iqtisadi göstəricilərin əldə olunmasına xidmət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2010-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsi zamanı bildirib.
2004-2010-cu illərdə ölkədə ÜDM üçqat artıb. Eləcə də, bu artım qeyri-neft sektorunda iki dəfə, sənaye məhsullarının inkişafı üzrə 2,8 dəfə, əsas kapitala investisiya 2,9 dəfə, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar 8,2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, bank əmanətləri 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,2 dəfə, minimum əmək haqları 7,1 dəfə, orta pensiyalar 4,7 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalıb, 913 min yeni iş yeri açılıb.
Bu dövr ərzində ölkənin büdcə gəlirləri 9,3 dəfə, dövlət büdcəsini xərcləri isə 9,5 dəfə artıb. Sosial təminat və sosial müdafiə xərcləri 5,3 dəfə, səhiyyə üzrə 7,8 dəfə, təhsil 5 dəfə, mədəniyyət, incəsənət və informsiya sahəsində 5,4 dəfə, müdafiə potensialının möhkəmlənməsi üzrə 8,7 dəfə, dövlət əhəmiyyətli kapital qoyuluşları üzrə 47,6 dəfə artıb.
"Ötən il ərzində dünyanın bir çox ölkələrində dünya maliyyə-iqtisadi böhranının təsirinin hiss olunmasına baxmayaraq, Azərbaycanın daxili potensiala əsaslanan milli inkişaf strategiyası uğurla həyata keçirilib, yüksək iqtisadi və sosial inkişaf templəri əldə olunub", - Rasizadə deyib.
Ötən il iqtisadiyyatın qeyri-neft sektoruna investisiyaların artırılması və müasir texnologiyaların tətbiqi, bu sahələrin şaxələndirilməsinin təmin edilməsi, regionların balanslaşdırılmış inkişafı, sahibkarlığın inkişafı, işsizliyin səviyyəsinin azaldılması vasitəsilə makroiqtisadi uğurların əldə olunması Nazirlər Kabinetinin diqqət mərkəzində olub.
Bunun nəticəsində hesabat dövründə ÜDM-in real artımı 5 faiz təşkil edərək 41,6 milyard manata, qeyri-neft sektorunda artım templəri isə 7,9 faizə çatıb. İnflyasiyanın səviyyəsi 5,7 faiz təşkil edib. Ötən il ərzində bütün mənbələrdən 13,9 milyard manat həmində sərmayə yatırılıb ki, bu da inişillə müqayisədə 32,4 faizlik artım təşkil edib.