Azərbaycan, 15 mart /Trend, müxbir İ.Xəlilova/
2010-cu ildə Azərbaycan hökuməti əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirləri davam etdirib. Bu barədə çərşənbə axşamı Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2010-cu ildə ölkədə sosial-iqtisadi inkişafın yekunları üzrə hesabatının müzakirəsi zamanı deyib.
O, görülən tədbirlər arasında orta aylıq əməkhaqqının 9,1 faiz artaraq 325 manata çatmasını qeyd edib. Əməkhaqqının və pensiyanın baza hissəsinin minimal məbləği 85 manata çatdırılıb.
"Ölkə Prezidentinin sərəncamlarına əsasən, 1,3 milyon təqaüdçünün əmək pensiyasının baza hissəsi 13 faiz, 800 minədək büdcə təşkilatları işçilərinin aylıq əməkhaqqı 10 faiz, əhalinin aztəminatlı təbəqəsi üçün sosial müavinətlər orta hesabla 20 faiz artırılıb. Qaçqınların və məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması üçün ümumilikdə, 336,9 milyon manat ayrılıb", - Rasizadə qeyd edib.
Ötən il ərzində ölkədə yoxsulluq səviyyəsi 9,1 faizədək azaldılıb, 73 min yeni iş yeri yaradılıb.