...

Bakıda "AutoShow" 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi öz işinə başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 15:08 (UTC +04:00)
Bu gün Bakıda "AutoShow" 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi və "AutoParts" 4-cü Azərbaycan Beynəlxalq "Ehtiyat hissələri, aksessuarlar və xidmət avadanlıqları" sərgisi öz işinə başlayıb.
Bakıda "AutoShow" 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi öz işinə başlayıb (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 13:17-də yayılıb)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakıda "AutoShow" 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi və "AutoParts" 4-cü Azərbaycan Beynəlxalq "Ehtiyat hissələri, aksessuarlar və xidmət avadanlıqları" sərgisi öz işinə başlayıb. Sərgidə dünyanın 14 ölkəsindən 105 şirkət təmsil olunur.

Sərginin təşkilatçıları "Iteca Caspian LLC" şirkəti və onun Britaniyalı tərəfdaşı "ITE Group PLC" şirkətidir.

Son 10 il ərzində Azərbaycanın nəqliyyat sektorunda nəzərəçarpacaq inkişaf və dəyişiklik müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə sərginin açılışında Azərbaycan Nəqliyyat Nazirliyinin "Azərnəqliyyatservis" Departamenti rəhbərinin müavini Kavus Abdullayev bildirib. "AutoShow" sərgisi ilk dəfə yeni yerdə - "BakıEkspo Mərkəz"də keçirilir ki, bu da ölkədəki siyasi və iqtisadi stabillikdən xəbər verir. Abdullayev Azərbaycanda da avtomobillərin istehsal olunmasından məmnunluğunu bildirib. "AutoShow"da "Lifan" markalı avtomobillərin yığıldığı Naxçıvan Muxtar Respublikasının zavodu da iştirak edir.

"Azərbaycanda avtomobil sahəsi inkişaf edir və sahibkarların səyləri nəticəsində bu sahə daha sürətli templərlə inkişaf edəcək",- Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev bildirib.

"AutoShow" sərgisinin minik sektoru çərçivəsində yüngül avtomobil istehsalı sahəsində fəaliyyət göstərən dünya istehsalçıları "Hyundai", "Jaguar", "Land Rover", "Volkswagen", "Nissan", "Infiniti" və digər şirkətlərin distribüterləri bir araya gəliblər.

"AutoShow" sərgisində üç iri sektor fəaliyyət göstərəcək: minik nəqliyyatı, kommersiya tipli nəqliyyat və bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksessuarlar. Məhz bu qərar sayəsində avtomobil sərgisi sənayenin tələblərinə maksimum cavab verən bir tədbir olacaq.

Bu il ilk dəfə olaraq, minik avtomobillərinin yerli istehsalçısı olan Naxçıvan Avtomobil Zavodu da sərgidə iştirak edir. İran şirkəti "Mavi Avto" isə "Saipa" markalı avtomobili nümayiş etdirəcək. Minik avtomobilləri arasında "Hyundai Accent" , "Hyundai Elantra" , eləcə də "Nissan Micra", "Nissan Maxima", "Nissan X-trail", "Infiniti M 37"-nin yeni modelləri nümayiş olunacaq. Sərgidə ilk dəfə kommersiya nəqliyyatı sektorunda dünya premyerası keçiriləcək.

Azərbaycan "TezAuto" avtobuslarının nümayiş olunacağı ilk ölkə olacaq. Sərgini "Bakı Ekspo Mərkəz"in bayır meydançasında bəyənilən modellərin hər gün keçiriləcək "test-drayv"ı tamamlayacaq.

Sərginin keçirilməsində əsas məqsədlərdən biri şirkətlər arasında əlaqələrin qurulmasıdır.

Sərginin kommersiya sektorunda isə işlənmiş qazlarda zərərli maddələr tərkibini nizamlayan Avro-5 ekoloji standartlara cavab verən yeni nəsil rahat sərnişin avtobusları, həmçinin yedəkçilər, özüboşaldanlar, müxtəlif növ məhsulların daşınması üçün istifadə olunan yarımqoşqular nümayiş olunacaq.

Avtomobil ehtiyat hissələri "AutoParts" sərgisində nümayiş etdiriləcək. Burada avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasının digər məhsullarının istehsalçıları və distribüterləri bir araya gələcəklər. Qaraj-servis avadanlıqları sahəsində ixtisaslaşmış Rusiya şirkətləri builki sərginin debütantları qismində çıxış edirlər. Kanada istehsalçıları ilk dəfə olaraq sərgidə öz innovasiyalı məhsullarının təqdimatı ilə çıxış edəcəklər. Bu, avtomobillərin və digər obyektlərin şüşələrinin təhlükəsizliyi və möhkəmliyinin artırılması üçün nəzərdə tutulmuş və zərbə, güclü külək, atəş, partlayış və yanğın hallarında müdafiəni təmin edən zirehli laminatdır.

Təşkilatçılar sərginin "AutoShow News" rəsmi qəzetinin nəşrini də davam etdirəcəklər. Sözügedən qəzet sərginin ilk iş gününün xəbərlərini, həmçinin sənaye xəbərlərini və avtomobil sektorunun əsas simaları ilə müsahibələri operativ şəkildə çatdıracaq.

Bu il sərgi öz adi keçirilmə formatını dəyişəcək. Belə ki, "AutoShow" sərgisinin birinci iş günü (16 mart) mətbuat nümayəndələri və sərgiyə dəvət edilmiş xüsusi qonaqlar üçün eksklüziv ziyarət proqramı ilə başlayacaq. Bununla yanaşı, həmin gün sərgi öz işini 20:00-a qədər davam etdirəcək ki, bu da sərgini iş günündən sonra ziyarət etmək imkanını təmin edəcək. Sərginin növbəti üç iş günü bütün ziyarətçilər üçün açıq olacaq.

Xəbər lenti

Xəbər lenti