Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərində yerləşən Binə qəsəbəsində müəyyənləşdirilmiş prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Martın 18-də Binə qəsəbəsində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə danışıqlar aparılıb. Nəticədə qəsəbənin iqtisadi inkişafının aşağıdakı prioritet istiqamətləri müəyyənləşdirilib:
- gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun tikintisi;
- müasir quşçuluq təsərrüfatının yaradılması;
- müasir istixana kompleksinin (faraş tərəvəz və ya gül yetişdirilməsi) yaradılması.
Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə f onda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]