Azərbaycan, Bakı, 4 may /Trend, müxbir N.İsmayılova/
2011-ci ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ayla müqayisədə 0,3 faiz ucuzlaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ay ərzində ərzaq məhsullarının qiyməti 0,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb.
Ötən ay ərzaq məhsullarından düyü, qarabaşaq yarması, çörək, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, yumurta, kərə yağı, şəkər və şəkər tozu, limon, portağal, naringi, banan, armud, göyərti, xiyar, pomidor, çuğundur, sarımsaq, soğan və kartofun qiyməti ucuzlaşıb.
Eyni zamanda, ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub ki, bu da əsasən manna yarması, mal və qoyun əti, toyuq budu, pasterizə və sterilizə olunmuş üzlü süd, xama, günəbaxan və qarğıdalı yağları, alma, heyva, nar, şabalıd, kələm və kökün qiymətlərində qeydə alınıb.
Aprel ayında qeyri-ərzaq mallarından yağlı boyalar, parket üçün lak, pəncərə şüşəsi, kəsilmiş taxtalar, ağac yonqar və lifli lövhələr, parket və laminat parket, kərpic, mətbəx, yataq və qonaq otaqları üçün mebel dəstləri mallarının qiymətlərində bahalaşma, isti geyim və ayaqqabılar, nitro və sulu boyalar, sement, soyuducular, paltaryuyan maşınlar, qaz plitəsi, kondisionerlər və tozsoranların qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.