Azərbaycan, Bakı, 20 may /Trend, müxbir N.İsmayılova/
Bakının Qaradağ rayonunun qəsəbələrinin sahibkarlarına 1,5 milyon manat məbləğində 20 kredit verilib. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev deyib.
"Prezidentin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində SKMF sahibkarlara yardım göstərir və bu məqsədlə bu gün Fond iki iri layihəni - Sulutəpə qəsəbəsində çörəkbişirmə zavodunun tikintisini və Zirə qəsəbəsində istixana kompleksinin tikintisini maliyyələşdirib", - Abdullayev bildirib.
Çörəkbişirmə zavodunun tikintisinə zavod 1 milyon manat ayırıb.
Onun sözlərinə görə, istixana kompleksinin tikintisi üçün 300 min manat məbləğində güzəştli kredit ayrılıb. Kompleks Niderland texnologiyalarından istifadə olunmaqla 0,5 hektar ərazidə tikiləcək.
2011-ci ilin əvvəlində SKMF 42,1 milyon manat məbləğində 583 kredit verib. Kreditlər 35,3 milyon manat məbləğində 33 iri layihəni və 6,8 milyon manat məbləğində 550 kiçik layihənin həyata keçirilməsini əhatə edib. Bundan Bakıda və onun qəsəbələrində investisiya layihələrinin maliyyələşdirilməsinə 7,8 milyon manat, o cümlədən 6,9 milyon manat müasir texnologiyaların tətbiqi ilə 8 iri investisiya layihəsini, 3 çörəkbişirmə zavodunun, iki istixana kompleksinin, quşçuluq təsərrüfatının, ət emalı və mebel istehsalı üzrə müəssisələrin yaradılmasını və dəyəri 900 min manat olan 73 kiçik layihəni əhatə edib.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilib.
Mayın 20-nə olan rəsmi məzənnə 0,7902 AZN/USD təşkil edir.