...

Azərbaycanda daha kiçik bankların birləşmə vaxtı çatıb - bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2011 14:52 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı üçün 15-20 bankın olması kifayət edir. Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri Cahangir Hacıyev bu fikirdədir.
Azərbaycanda daha kiçik bankların birləşmə vaxtı çatıb - bazar iştirakçısı

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir, N.İsmayılova/

Azərbaycan iqtisadiyyatı üçün 15-20 bankın olması kifayət edir. Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri Cahangir Hacıyev bu fikirdədir.

"Hazırda Azərbaycan üçün 15-20 bankın olması kifayət edir. Kiçik bankların konsolidasiyası tövsiyə olunur. Bu, onların bazardakı mövqelərini möhkəmləndirməyə imkan verəcək", - Trend-ə Hacıyev bildirib.

Onun sözlərinə görə, ölkənin bank bazarında vəziyyət dəyişib və ABB artıq sistemyaradıcı kimi rol oynamır, daha kiçik bankların birləşməsi isə bütün bazar üçün müsbət hal olardı.

Bundan əvvəl Azərbaycan Mərkəzi Bankı da bildirib ki, Azərbaycan iqtisadiyyatı üçün 15-20 bankın olması kifayət edir. Buna görə, Mərkəzi Bank üçün əsas vəzifələrdən biri bank sisteminin birləşməsi və optimallaşdırılması üzrə strategiyanın hazırlanmasıdır.

Ölkənin bank sistemində artıq Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı ilə bankların konsolidasiyasının uğurlu təcrübəsi var. İndiki "Unibank" 2002-ci ildə iki kommersiya bankı - "MBank" və "Promtexbank"ın birləşməsi nəticəsində yaranıb. Orada AYİB 15 faizlik iştirak payı alıb. Bunun ardınca 2005-ci ildə "Bank of Baku" ASC-nin "İlkBank"la birləşməsi baş verib.

Mərkəzi Bank hələ 2010-cu ildə bankların konsolidasiyası prosesinin aktivləşdiyini bəyan etmişdi, lakin bu tədbirlər 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinin əsasında da qoyulub.

Hazırda AMB-nin kapitallaşdırma üzrə minimal tələblərinə cavab verməyən banklar bazarda əhəmiyyətli paya malik olmasalar da, Mərkəzi Bank gündəliyə bankların birləşməsi məsələsi və ya gələcəkdə tələblərə cavab verməyən bankların sistemdən çıxarılması məsələsinə baxa bilər.

"Bank olmayan kredit təşkilatları haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar bu kateqoriyalı banklara mülkiyyət formasının bank olmayan kredit təşkilatına dəyişdirilməsi təklif oluna bilər. Ümumilikdə kapitalın böyüdülməsi məqsədilə konsolidasiyaya getməyən banklara BOKT-a çevrilmək təklif ediləcək", - bundan əvvəl Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Azərbaycanda 44 bank fəaliyyət göstərir.

Hazırda ABB ölkənin bank sektorunda aparıcı mövqe tutur. Buna onun bank sisteminin aktivlərinin ümumi həcmindəki bazar payı, kredit qoyuluşları və depozit bazası (2010-cu ilin sonuna olan vəziyyətə görə, müvafiq olaraq 42 faiz, 43 faiz və 36 faiz) sübut edir. ABB strateji əhəmiyyətə malikdir, belə ki, Azərbaycan üçün ümumdövlət əhəmiyyətinə malik irimiqyaslı layihələrin maliyyələşdirilməsində hökumətin agenti kimi fəaliyyət göstərməklə dövlətin investisiya və iqtisadi siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti