Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir A.Axundov/
Pensiyaların hesablanmasının yeni sisteminə keçid üçün zəruri olan bütün vəsaitlər Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) düzəlişlər olunmuş büdcəsində öz əksini tapıb və iyulun 1-dən DSMF yeni sistemlə işə başlayacaq. Trend-in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov cümə axşamı jurnalistlərə bildirib. Bunun üçün 390 milyon manat vəsait lazımdır, onun da 195 milyon manatı 2011-ci ilin ikinci rübü ərzində ayrılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna və DSMF-nin 2011-ci il büdcəsinə dəyişiklikləri təsdiqləyib. Azərbaycanın 2011-ci il büdcəsində pensiya-sığorta təminatı və əməkhaqqı sistemindəki islahatlar üçün 307,93 milyon manat məbləğində vəsait ayrılıb.
"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər 1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.
Bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamalara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq.
"İndi texniki xarakterli bəzi məsələlərin həll edilməsi qalır", - Müslümov bildirib.
Onun sözlərinə görə, DSMF yanında yaradılan xüsusi komissiya fondun pensiyaçılar haqqında məlumat bazasının tamamlanması üzərində işləyir.
"Bazada pensiyaçıların hamısı haqqında məlumat var, lakin bəzi boşluqların doldurulması və qeyri-dəqiqliklərin aradan qaldırılması üçün köhnə pensiya işlərinə baxılması və onların baza ilə yoxlanılması tələb olunur. Bakıda bu işlər artıq başa çatıb, indi Sumqayıtda aparılır", - Müslümov deyib.
İyunun 9-na rəsmi məzənnə 0,7887 AZN/USD təşkil edir.