Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan hökuməti BMT-nin Kənd Təsərrüfatının İnkişaf üzrə Beynəlxalq Fondu (IFAD) ilə kənd təsərrüfatının inteqrasiyası layihəsinin maliyyələşdirilməsi üçün 19,35 milyon dollar məbləğində kredit sazişi imzalayıb.
Saziş dünən İFAD-ın Romadakı mənzil-qərargahında imzalanıb. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov orada rəsmi səfərdədir.
"Kredit fermerlərin gəlirlərinin artmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmininə yönələn layihənin maliyyələşdirilməsi məqsədilə verilib", - çərşənbə günü BMT-nin saytındakı məlumatda deyilir.
Layihə ölkənin 4 şimal və mərkəzi regionlarında - Yevlax, Ağdaş, Şəki və Oğuzun 50 min kənd ailəsinə yardım etməlidir. Layihənin komponentlərindən biri irriqasiya sisteminin yaxşılaşdırılmasıdır. Fermerlər kreditlərdən istifadə edə biləcəklər və kənd təsərrüfatının idarə edilməsi sahəsində biliklərini təkmilləşdirə biləcəklər.
Layihənin ümumi dəyəri 103,8 milyon dollardır. Layihənin maliyyələşdirilməsində İslam İnkişaf Bankı da iştirak edir. O, ötən ilin sonunda 66,4 milyon dollar məbləğində krediti bəyənib. İİB krediti 3 hissədən ibarətdir. Onlardan ikisi güzəştli şərtlərlədir: 14,89 milyon dollar 5 illik güzəşt dövrü, 2,65 faiz dərəcəsi ilə 20 ilə; 2 milyon dollar - bank xidməti ilə (ödəniş hələ ki müəyyən edilməyib) 7 il ödəniş müddəti, güzəştli olmaqla 25 ilə; 49,51 milyon dollar 2 illik güzəşt dövrü və swap+1,2 faiz dərəcəsi ilə istisna üsulu ilə 15 ilə verilir.
IFAD-ın Azərbaycanda investisiyalarının ümumi həcmi 87 milyon dollardır. 1997-ci ildən etibarən IFAD Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra proqramlar həyata keçirib.
Kənd Təsərrüfatının İnkişaf üzrə Beynəlxalq Fond BMT-nin ixtisaslaşmış təsisatıdır. O, 30 il əvvəl dünyanın müxtəlif ölkələrində kəndlərin aztəminatlı sakinlərə yardımın göstərilməsi üçün yaradılıb.