...

Azərbaycan və Almaniya xarici ticarət üzrə birgə palata yaradacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2011 12:21 (UTC +04:00)
Azərbaycan və Almaniya xarici ticarət üzrə birgə palatanın yaradılması üzərində işləyir.
Azərbaycan və Almaniya xarici ticarət üzrə birgə palata yaradacaqlar

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan və Almaniya xarici ticarət üzrə birgə palatanın yaradılması üzərində işləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Margit Şteffel 12-ci Azərbaycan-Almaniya iqtisadi forumunda bildirib.

"Biz xarici ticarət üzrə birgə palatanın yaradılması üzərində işləyirik. Hazırda onun yaradılması üzrə texniki işlər gedir", - Şteffel deyib.

Onun sözlərinə görə, Almaniya Aİ ilə Azərbaycan arasında həyata keçirilən səkkiz tvinninq layihəsində iştirak edir və daha üçündə iştirak etməyi planlaşdırır.

Azərbaycanın İqtisadi İnkişaf Nazirıliyinin Aparat rəhbəri Samir Vəliyevin sözlərinə görə, Almaniya ilə Azərbaycan arasında iqtisadi sahədə 29 sənəd qüvvədədir.

"Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirıliyi arasında menecerlərin ixtisaslarının artırılması üzrə sazişə görə, bu günədək Almaniyadakı treninqlərdə Azərbaycandan 60-dan çox mütəxəssis iştirak edib", - Vəliyev bildirib.

Onun sözlərinə görə, alman tərəfi ilə texniki əməkdaşlıq haqqında saziş çərçivəsində Azərbaycana 44 milyon avro ayrılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarının yekunları üzrə iki ölkə arasında mal dövriyyəsi 196,04 milyon dollar təşkil edib.

"Ötən illə müqayisədə bu il mal dövriyyəsi 68 faiz artıb, lakin Almaniya ilə Azərbaycan arasındakı ticari münasibətlərdə böyük potensial mövcuddur və mal dövriyyəsi artacaq", - Vəliyev bildirib.

Onun sözlərinə görə, Almaniya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə qoyulub.

Mayda Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri zamanı Azərbaycan ilə Almaniya arasında investisiya və ticarət üzrə işçi qrupunun yaradılması haqqında memorandum imzalanıb. Bu, investisiya fəaliyyəti sahəsində məsələlərin müntəzəm müzakirə olunmasına imkan verəcək.

Biznes forumu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan-Almaniya İqtisadi Yardım Birliyi (DAWF) təşkil edib.

Xəbər lenti

Xəbər lenti