...

Azərbaycanda Sovet sığortaları üzrə öhdəliklərin maliyyələşdirilməsinin iki mənbəyi nəzərdən keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2011 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın yeganə dövlət kommersiya sığorta şirkəti "AzərSığorta" Sovet dövründə bağlanan sığorta müqavilələrinin indeksləşdirilməsi üzrə yeni təkliflər hazırlayıb. Bu barədə Trend-ə şirkət sədrinin müavini Möhübbət Fərəcov deyib.

"Sovet vaxtında bizim həyat sığortası üzrə çoxlu müqavilələrimiz olub. Bu müqavilələr indi də qalır. Onlar hökumət tərəfindən indeksləşmə aparıldıqdan sonra yerinə yetiriləcək. Biz bu məsələni dəfələrlə Milli Məclisdə və Nazirlər Kabineti qarşısında qaldırmışıq. Sonuncu dəfə bununla bağlı təkliflər təxminən üç həftə bundan əvvəl göndərilib", - Fərəcov bildirib.

Onun sözlərinə görə, şirkət parlamentdə Azərbaycan SSR Əmanət Bankındakı əhalinin əmanətlərinin indeksləşdirilməsi barədə məsələ qaldırılan kimi öz təkliflərini növbəti dəfə təqdim edəcək.

"Bizim müqavilələr üzrə öhdəliklərimizi yerinə yetirmək imkanımız var. Bu ya şirkətin, ya da dövlətin gəliri hesabına maliyyələşdirmə olacaq", - Fərəcov bildirib.

Bundan əvvəl şirkət sədrinin digər müavini Aftandil Hacıyevin dediyinə görə, hazırda müqavilələrin sayı və vəsaitlərin həcmi məlumdur, lakin tədbirlər üçün xərclər indeksləşdirmə sxemi seçildikdən sonra müəyyən ediləcək.

1992-ci il yanvarın 1-nə olan vəziyyətə görə, müqavilə üzrə ümumi məbləğ 230 Sovet rublu təşkil edib.

Azərbaycan Parlamenti "Azərbaycan SSR Əmanət Bankında 1 yanvar 1992-ci il tarixinədək həyata keçirilən əhalinin əmanətlərinin indeksləəşdirilməsi haqqında" qanun üzərində işi davam etdirir.

"AzərSığorta" sığorta şirkəti Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə keçmiş Dövlət Sığorta İdarəsinin bazasında yaradılıb və respublikanın bütün şəhər və rayonlarında 80 sığorta agentliyinə malikdir. Hazırda şirkət sığortanın 28 növü üzrə xidmətlər göstərir. Şirkət ölkənin bütün regionlarında öz filial və nümayəndəliklərini açıb.

İyulun 25-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti