...

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi Gürcüstan üçün prioritetdir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 17:26 (UTC +04:00)
Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin prioritet layihəsi Bakı-Tbilisi-Qars yeni dəmiryol xəttinin tikintisi və bərpasıdır.
Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi Gürcüstan üçün prioritetdir - nazir

Gürcüstan, Tbilisi, 4 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin prioritet layihələri şərq-qərb sürətli avtomobil magistralının tikintisi, avtomobil yollarının, körpü və tunellərin tikintisi və bərpası, Bakı-Tbilisi-Qars yeni dəmiryol xəttinin tikintisi, bərpası və su təchizatı və suvarma sisteminin bərpasıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazir Ramaz Nikolaişvili layihələr üzrə təqdimatlarda deyib.

"2009-cu il ərzində bu sahələrə ümumilikdə 812 milyon lari investisiya yatırılıb, 23,9 min nəfər işlə təmin edilib. 2010-cu ildə investisiyalar 912 milyon lariyədək artıb. İşə düzələnlərin sayı 31 minə çatıb. 2011-ci ilin sonuna nazirlik 44,4 min nəfəri işlə təmin edəcək və investisiyaların həcmi 1,386 milyard lariyə çatacaq. 2012-ci ilə 1,838 milyard lari məbləğində investisiyaların yatırılması və 62,5 min nəfərin işlə təmin edilməsi planlaşdırılır", - Nikolaişvili qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanda mövcud olan 7 min kilometr yoldan təxminən yarısı - 3 min kilometri bərpa edilib.

"33 körpü tikilib və 78-i bərpa edilib. 4 tunelin tikintisi gedir. Onlardan birində isə bərpa işləri aparılır", - o bildirib.

Nikolaişvilinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryol magistralı layihəsi 25 kilometrlik dəmiryolun tikintisini və mövcud 160 kilometrin bərpasını nəzərdə tutur.

Ciddi işlər su təchizatı sahəsində aparılır. Müvafiq layihələr Gürcüstanın 27 bələdiyyəsində həyata keçirilir. Ölkənin 6 böyük şəhərində su təchizatı sisteminin tam bərpasına da başlanılıb.

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi və bərpası (775 milyon dollar) Azərbaycanın Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq.

Xəbər lenti

Xəbər lenti