...

Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumun keçirilmə vaxtı müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 14:43 (UTC +04:00)
Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə birlikdə oktyabrın 17-18-də Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumu keçirməyi planlaşdırır.
Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumun keçirilmə vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.Xəlilova/

Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə birlikdə oktyabrın 17-18-də Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumu keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DB-nin ölkədəki nümayəndəliyinin rəhbəri Cozef Ouen deyib.

"Forumda müzakirə ediləcək əsas məsələlər Azərbaycanda biznes mühitin yaxşılaşdırılması, biznes fəaliyyəti üçün vahid qaydaların yaradılması, eləcə də bazar iqtisadiyyatı üçün lazım olan həyat qabiliyyətli institutların yaradılmasıdır", - Ouen qeyd edib.

2009-cu il oktyabrın 21-də keçirilən Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına dair birinci forumun yekunları üzrə gələcək inkişaf məqsədilə ölkə iqtisadiyyatının şaxələndirilməsini, eləcə də irəliləyiş və nəticələrin qiymətləndirilməsi üçün yeni forumun keçirilməsini nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə bağlı razılıq əldə olunub.

Forum Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi barədə konstruktiv dialoqun başlanması üçün imkan yaradıb. Azərbaycana İrlandiya və Slovakiyanın təcrübəsini öyrənərək, ölkənin iqtisadi artım modelinin hazırlanması və daxili və xarici bazarlardan asılılığın balanslaşdırılması tapşırılıb.

Böhran nəticəsində iqtisadi mühitin dəyişməsi və neft qiymətlərinin volatilliyi fonunda Azərbaycan növbəti on il ərzində qeyri-neft ixracını kəskin şəkildə artırmaldır.

Beynəlxalq təcrübə göstərir ki, buna yalnız birbaşa xarici investisiyaların əhəmiyyətli dərəcədə artırılması yolu ilə nail olmaq olar. Forumda qeyd olunub ki, birbaşa xarici investisiyaların cəlb olunması və daxili sahibkarların yeni məhsullar və innovasiyalar tətbiq etməyə nail olmasının vacib elementləri makroiqtisadi sabitliyin saxlanılması, dinamik biznes mühitinin yaradılması və əhalinin təhsil və təlim bacarıqlarının yüksəldilməsidir.

Qlobal böhran və Azərbaycanın neft gəlirlərinin tədricən sabitləşməsi amili ölkənin inkişafına yanaşmalara dəyişikliyi zəruri edir. Bu, 2020-ci ilədək ölkənin yuxarı gəlirli ölkəyə çevrilməsi üçün zəruridir.

Forum Azərbaycan hökuməti və DB tərəfindən Bakıda təşkil olunmuşdu və bankın sərəncamçı direktoru Nqozi Okonco-İvealanın iştirakı ilə keçirilmişdi. İkinci forumun işində DB və beynəlxalq ekspertərin iştirakı gözlənilir.

Martda Vaşinqtonda DB-nin ABŞ-dakı ofisində Azərbaycan Günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov DB prezidenti Robert Zelliklə görüşdə bildirib ki, belə bir tədbir əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan verəcək. Azərbaycan DB-nin ikinci iqtisadi forumunun işində iştirakda maraqlıdır. Bununla əlaqədar Vaşinqtonda müvafiq müzakirələr aparılıb.

Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

Xəbər lenti

Xəbər lenti