...

Dünya Bankı yaxın günlərdə Azərbaycanla dəyəri 125 milyon dollar olan 3 sazişin imzalanmasını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) yaxın günlərdə Azərbaycanla bankın Direktorlar Şurasında təsdiq edilən 3 layihənin həyata keçirilməsi üçün 125,4 milyon dollar ümumi məbləğdə kreditlərin ayrılması barədə saziş imzalamağı planlaşdırır. Bu barədə cümə günü jurnalistlərlə görüşdə DB-nin ölkədəki nümayəndəliyinin rəhbəri Cozef Ouen deyib.

"Dövlətlərarası prosedurlar başa çatdıqdan sonra yaxın günlərdə 3 layihə - məhkəmə sisteminin modernləşdirilməsi, Azərbaycan Su İstifadəçiləri Assosiasiyasına dəstək, kapital bazarlarının modernləşdirilməsi layihələri üzrə kredit sazişlərinin imzalanması gözlənilir", - Ouen bildirib.

2011-ci ildə Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda ölkədə məhkəmə sisteminin modernləşdirilməsi layihəsi üzrə Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) xətti ilə 9,2 milyon dollar və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) vəsaitlərindən 24,2 milyon dollar həcmində əlavə maliyyələşdirmənin verilməsini bəyənib. Layihədə ölkə hökumətinin iştirak payı 28,3 milyon dollar, layihə üzrə maliyyələşdirmənin ümumi həcmi 61,7 milyon dollar həcmində qiymətləndirilir. Layihənin məqsədi Azərbaycanda məhkəmə sisteminin potensialının inkişafı, onun effektivliyinin artırılması, eləcə də vətəndaşların informasiya və xidmətlərə çıxışının yaxşılaşdırılmasıdır.

Bundan başqa, DB "Azərbaycanın su istifadəçiləri assosiasiyalarının inkişafının dəstəklənməsi layihəsi"nin (WUAP) reallaşdırılması üzrə 80 milyon dollar həcmində krediti təsdiq edib. Layihənin məqsədi fermerlərin idarə etdikləri süni suvarma sistemlərinin su təchizatının yaxşılaşdırılmasıdır. Ayrılan vəsaitin 76,80 milyon dolları Beynəxalq İnkişaf Assosiasiyasının (МАР ) və 3,20 milyon dolları BYİB-nın vəsaitindən veriləcək. Azərbaycan hökuməti layihənin reallaşdırılmasına 34,30 milyon dollar ayırıb. Beləliklə, layihənin maliyyələşdirilməsinin ümumi həcmi 114,30 milyon dollar təşkil edir.

1 milyon dollar məbləğində 3-cü kredit "Kapital bazarının modernləşdirilməsi" layihəsi (CMMP) üçün nəzərdə tutulub və Dünya Bankının Azərbaycan hökumətinin maliyyə sektorunun möhkəmləndirilməsi və şaxələndirilməsində göstərdiyi dəstəyin davamıdır.

Bankın Azərbaycandakı indiki portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

Xəbər lenti

Xəbər lenti