Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir N.İsmayılova/
Prezident İlham Əliyevin ötən həftə imzaladığı "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında" fərman ölkədə sahibkarların güzəştli maliyyələşdirilməsinə çıxışı sadələşdirəcək.
Kreditlərin verilməsi mexanizmində dəyişiklik, eləcə də Azərbaycanda sahibkarlığın inkişafı üçün bunun əhəmiyyəti haqqında SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Trend-ə müsahibəsində bildirib.
Güzəştli kreditlərdən istifadə genişlənir
Bu sərəncam ölkədə sahibkarlığın inkişafında dövlət tərəfindən maliyyələşdirilən sahibkarların güzəştli kreditlərdən istifadəsinin sadələşdirilməsi baxımından daha bir addımdır. Onun əsas əhəmiyyəti ondan ibarətdir ki, həm verilmənin müddəti, eləcə də verilən kreditlərin məbləği artıb. Bu dəyişiklik Prezidentin fərmanının qüvvəyə mindiyi gündən verilən kreditlərə şamil edilir.
Belə ki, indi kiçik kreditlər 5 mindən 50 min manatadək (əvvəllər 10 mindən 50 min manatadək idi) həcmdə verilə bilər və bu azalma ilk növbədə gənc sahibkarların, məcburi köçkünlərin, ölkənin ucqar rayonlarının sakinlərinin güzəştli kreditlərdən istifadəsinin sadələşdirilməsi ilə bağlıdır. Habelə bu kreditlərin verilməsi müddətinin iki ildən üç ilədək artırılmasına da baxılıb ki, bu da sahibkarlara alınan vəsaitlərdən daha səmərəli istifadə etməyə, eləcə də kreditləri qaytararkən çətinlik çəkməməyə imkan verir.
İndi orta kreditlərin məbləği 50 001-dən 500 min manat (əvvəllər 50 001-dən 250 min manatadək olub), verilmə müddəti isə 3 ildən 5 il müddətinədək artırılıb. Bu dəyişikliklərin başlıca məqsədi ölkədə orta sahibkarlığın inkişafına dəstəkdir.
Bu gün böyük kreditlərin həcmi 500 001-dən 10 milyon manatadək (əvvəllər 250 001-dən 5 milyon manatadək olub) təşkil edir ki, bu da ölkədə aqrar sektorun inkişafına dəstək üçün mühüm addımdır. Böyük kreditlərin verilməsi müddəti 5 ildən 10 ilədək artırılıb. Onillik kreditlər üzümçülük, çayçılıq, heyvandarlıq, sitrus bitkilərinin yetişdirilməsi, eləcə də müasir texnologiyalar tətbiq etməklə iri layihələrin maliyyələşdirilməsinə yönəlib.
Risklər minimallaşdırılıb
Daha bir mühüm dəyişiklik kreditlərin ödənişinin güzəşt dövrünün 2/3-dən ½-dək artırılmasıdır, yəni kreditin ödənilməsi müddəti təxirə salınır. Misal üçün, baxaq. Belə ki, əvvəllər sahibkarlar 24 ay müddətinə kiçik kreditlər alırdılar, onların güzəşt dövrü 16 ay təşkil edirdi, əsas borcun qaytarılması isə yerdə qalan səkkiz ay ərzində həyata keçirilirdi. İndi isə 36 aylığa verilən kreditin güzəşt dövrü 18 ay təşkil edir, əsas borcun ödənilməsi isə sonrakı 18 ay ərzində həyata keçiriləcək. Bu, sahibkara güzəştli kreditdən daha səmərəli istifadə etməyə və öz növbəsində, əsas borcun qaytarılması zamanı heç bir çətinlik hiss etməməyə imkan verir. Öz növbəsində, bu dəyişikliklər aqrar sektora, uzunmüddətli kreditlərə ehtiyacın olduğu sektorlara müsbət təsir edəcək.
Bu günədək əvvəllər verilən kreditlərin qaytarılması qrafikə uyğun həyata keçirilir. 2011-ci ilin əvvəlindən əvvəllər verilən kreditlərdən 68 milyon manatın qaytarılması təmin olunub. Lakin SKMF-nin vəsaitlərindən istifadə mexanizmlərində dəyişikliklər vəsaitlərdən istifadənin effektivliyinin artırılmasına imkan yaradacaq.
Kredit təşkilatlarına tələblər sərtləşdiriləcək
Fondun vəsaitlərindən istifadənin yeni mexanizminə görə, kredit təşkilatlarına tələblər sərtləşdiriləcək.
Dəyişikliklərə uyğun olaraq, fondun müvəkkil banklarda qalan vəsaitlərinin ümumi məbləği onların ümumi kapitalının 100 faizini təşkil edə bilər, bank olmayan kredit təşkilatlarında isə qalıq məbləğ onların nizamnamə kapitalının 100 faizini keçməməlidir.
Əvvəllər iri layihələrin maliyyələşdirilməsi zamanı banklar üçün bu limit 150 faizədək artırıla bilərdi. Bu dəyişikliyin əsas səbəi kreditlərin qaytarılması və yenilənməsi zamanı risklərin maksimum minimallaşdırılmasının vacibliyidir. Halbuki, Abdullayevin qeyd etdiyi kimi, bu gün kreditlərin qaytarılması ilə bağlı ciddi problemlər müşahidə olunmur, lakin Fond özünü gələcək risklərdən sığortalamağı, banklar və BOKT arasında vəsaitlərin onların likvidliyinə və maliyyə davamlılığına uyğun daha səmərəli paylanmasını təmin etməyi qərara alıb.
Prezidentin fərmanında hansı hallarda Fondun agentləri olan kredit təşkilatlarının xidmətlərindən imtina etmək məsələsinə də aydınlıq gətirilib. Əgər sahibkarın hüququ və SKMF-nin kredit resurslarının ödənilməsi şərtləri pozularsa, Fond həmin kredit təşkilatının xidmətindən imtina edə və ona vəsaitlərin verilməsini dayandıra bilər. Bu gün Fond 38 kredit təşkilatı ilə əməkdaşlıq edir ki, onların arasında 30 bank, 7 kredit ittifaqı və bir BOKT var.
SKMF 1992-ci ildə yaradılıb. 2011-ci ildə fond 125 milyon manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Ümumilikdə, 2006-2011-ci illərdə SKMF-nin dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirməsinə 453,1 milyon manat ayrılıb.
Oktyabrın 17-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.