Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/
Oktyabrın 19-da "Xəzər inşaat həftəsi" adlandırılan illik "BakuBuild-2011" inşaat sərgisi işinə başlayır. Sərginin təşkilatçıları Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətidir. Bu sərgini keçirməkdə əsas məqsəd bütünlükdə inşaat sektorunun nailiyyətlərini, o cümlədən ölkəmizin inşaat potensialını nümayiş etdirməkdir.
Bu il "BakuBuild" "Bakı Ekspo" mərkəzinin üç pavilyonunda və bayır sahədə yerləçəcək. Bu il ekspozisiyanın sahəsi 20 faizdən çox artıb. Bundan başqa, sərgidə iştirak edən 317 şirkətdən 24-ü "BakuBuild"ə ilk dəfə olaraq qatılacaq.
Sərgidəki şirkətlərdən üçdə biri Azərbaycan istehsalçıları və distribüterləridir. Onların ekspozisiya sahəsi 35 faiz təşkil edir, uzaq xaric ölkələrinin (Qərbi və Şərqi Avropa, Türkiyə, Çin, Koreya, Küveyt, BƏƏ və digərləri) ekspozisiya sahəsi 50 faiz, yaxın xaric və MDB ölkələrinin isə təqribən 15 faizdir.
"BakuBuild"lə yanaşı, bir-biri ilə əlaqəli olan mövzuda bir neçə sərgi keçiriləcək.
İxtisaslaşmış "Aqua-Therm Baku 2011" üçüncü beynəlxalq "İstilik, havalandırma, kondisiyalaşdırma, su təchizatı, sanitariya texnikası, ətraf mühitin qorunması texnologiyaları, hovuzlar və bərpa olunan enerji" sərgisi "Bakı Ekspo" mərkəzinin ikinci zalında yerləşəcək və İtaliya, Çin, Rusiya, Türkiyə, İsveç Finlandiya və digər öləkələrin qabaqcıl şirkətlərini toplayacaq. Bu il "Aqua-Therm Baku" sərgisi 40 faiz artacaq.
Bundan başqa, "Caspian MebelExpro 2011", doqquzuncu Xəzər beynəlxalq sərgisi "Mebel, interyer və dizayn", CIPS, dördüncü Xəzər beynəlxalq sərgisi "Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri" keçiriləcək.