...

İl ərzində Azərbaycanın dövlət büdcəsi 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 13:12 (UTC +04:00)
Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8 milyard 979 milyon manat və ya 105,6 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz və yaxud 1 milyard 474 milyon manat çox olub.
İl ərzində Azərbaycanın dövlət büdcəsi 20 faiz artıb

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir N.İsmayılova /

Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8 milyard 979 milyon manat və ya 105,6 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz və yaxud 1 milyard 474 milyon manat çox olub. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi tərəfindən 112,4 faiz, yəni büdcəyə 4 milyard 63 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 936 milyon manat və ya 29,9 faiz çox vəsait təmin olunub.

Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 843 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 0,2 faiz (1,5 milyon manat), ötən ilin müvafiq dövrünə nisbətən isə 15,4 faiz (113,0 milyon manat) çox deməkdir. Dövlət Neft Fondu tərəfindən büdcəyə 4 milyard 21 milyon manat vəsait transfer edilib.

Sair gəlirlər üzrə büdcəyə 48,8 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat (3,7 dəfə) çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-dövlət sektoru üzrə büdcə daxilolmalarının həcmi xüsusilə qeyd olunmalıdır. 2010-cu ilin müvafiq dövrünə nisbətən onlar 27,7 faiz və ya 684 milyon manat artmış, xüsusi çəkisi isə 2,2 faiz artaraq 34,1 faizə çatıb.

2011-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,7 faiz və ya 8 milyard 735 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 898 milyon manat və ya 27,8 faiz çox icra olunub.

Dövlət büdcəsinə daxil olan vəsaitin 33,9 faizi və ya 2 milyard 962 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 420 milyon manat və ya 16,5 faiz çox olub.

Sosial təyinatlı xərclərə aid olan təqaüdlərin və sosial müavinətlərin ödənişinə 1 milyard 63 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 20,2 faiz (178,3 milyon manat), əməyin ödənişi fonduna 1 milyard 770 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz (224 milyon manat), ərzaq və dərman xərclərinə 129 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 15,9 faiz (18,0 milyon manat) çox vəsait sərf edilib.

Oktyabrın 25-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti