...

BVF Azərbaycanın özəl qeyri-neft sektorunun inkişafında böyük potensial görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 19:42 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın özəl qeyri-neft sektorunun inkişafında böyük potensial görür.
BVF Azərbaycanın özəl qeyri-neft sektorunun inkişafında böyük potensial görür

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın özəl qeyri-neft sektorunun inkişafında böyük potensial görür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun ölkə üzrə missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində (MCD) şöbə direktorunun müavini Nədim İlahi Bakıda keçirilən mətbuat konfransında deyib.

BVF-in missiyası oktyabrın 20-dən noyabrın 2-dək Azərbaycan hökuməti ilə "BVF-in yaradılması haqqında" sazişin IV maddəsı üzrə məsləhətləşmələr aparmaq üçün Bakıdadır. Məsləhətləşmələr daimi əsasda hər il aparılır.

Fondun missiyasının rəhbəri kənd təsərrüfatı, nəqliyyat, rabitə kimi sahələrdə Azərbaycanın yüksək potensialının olduğunu qeyd edib.

İlahinin sözlərinə görə, bu il ölkə iqtisadiyyatının qeyri-neft sektorunda artım təxminən 9 faiz səviyyəsində gözlənilir. Ötən il bu rəqəm 7,5 faiz olub. 2012-ci ildə isə artım templəri 6 faiz təşkil edə bilər. Buna dövlət xərclərinin həyata keçirilməsi kömək edəcək.

"Texniki səbəblərə görə 2011-ci ildə Azərbaycanda neft hasilatının həcmi kəskin azaldı. Növbəti 10 illikdə ümumilikdə karbohidrogenlərin hasilatının həcmi həmin səviyyədə qalacaq, sonra isə azalmağa başlayacaq", - o deyib.

İlahinin fikrincə, ölkədə bir sıra yeni neft-qaz yataqlarının açılması ölkəyə bir neçə il ərzində karbohidrogen ehtiyatlarından istifadə etməyə imkan verəcək.

Missiya rəhbəri bildirib ki, son zamanlar Azərbaycanda dünyada ərzaq məhsullarının qiymətinin artmasının yavaşlaması fonunda inflyasiya səviyyəsi aşağı düşüb. Gözlənilir ki, 2011-ci ilin sonun qədər inflyasiya təxminən 8 faiz təşkil edəcək.

"Qarşıdakı dövrdə əsas məqsəd inflyasiyanı aşağı səviyyədə saxlamaq, maliyyə sabitliyini qorumaq və neftdən asılığı azaltmaq yolu ilə iqtisadi artımın xarakterini dəyişmək və özünə kifayət edən özəl sektora əsaslanan artıma keçməkdir" , - İlahi deyib.

Missiya indiki səfərin yekunları ilə bağlı hesabat hazırlayacaq. Hesabat üzrə səsvermə yanvarın ortalarında keçiriləcək. Missiyanın Azərbaycana növbəti səfəri gələn ilin aprel-mayında gözlənilir.

Azərbaycan BVF ilə 1992-ci ildən əməkdaşlıq edir, Fond ilə IV maddə çərçivəsində əməkdaşlıq isə son altı il ərzində məsləhətləşmələr səviyyəsində aparılır.

Xəbər lenti

Xəbər lenti