Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə şirkəti "Provus" Azərbaycanda ictimai xidmətlərin ödənişi üçün vahid kart sisteminin tətbiq edilməsini təklif edir. Bu barədə Trend-ə cümə axşamı şirkətdən məlumat veriblər.
"Vahid kart" sistemi xüsusi ödəniş kartı vasitəsilə kommunal xidmətlərin ödənişini, ictimai nəqliyyatda gedişatı, muzeylərin və digər ictimai əhəmiyyətli yerlərin ziyarətini nəzərdə tutur.
Bu cür kartlarda bir deyil, səkkiz mikrosxem olacaq ki, bu da daha səmərəli və istidafə üçün rahat olacaq.
"Vahid kart" layihəsinin həyata keçirilməsi üçün biz 5-6 Azərbaycan bankı ilə danışıqlar aparırıq. Danışıqların nəticəsi 2-3 ay ərzində açıqlanacaq", - "Provus" şirkətindən bildiriblər.
Vahid kart sisteminin tətbiqindən savayı, "Provus" Azərbaycanda pul və poçt köçürmələri sahələrində bir sıra layihələr həyata keçirməyi planlaşdırır.
"Şirkətin Azərbaycanda bankomatların sayını genişləndirmək və onların səmərəliliyini artırmaq planları da var", - "Provus"dan deyiblər.
Şirkətin baş direktoru Tunc Başar əvvəllər "Zaman" qəzetinə bildirib ki, "Provus" vahid kart sistemini Azərbaycan, Qazaxıstan, İraq və BƏƏ-də tətbiq etməyi planlaşdırır.
Onun sözlərinə görə, bu cür sistem artıq Böyük Britaniya, Rumıniya, Şimali Kipr, Albaniya və Kosovada səmərəli işləyir.
Türkiyə şirkəti "Provus" kart sistemi və biznes əməliyyatları sahəsində banklara xidmət göstərmək məqsədi ilə 2001-ci ildə yaradılıb. Şirkət, həmçinin, ödəniş kartlarının şəxsləndirilməsi ilə məşğul olur. "Provus" Türkiyədən başqa, daha 6 ölkədə fəaliyyət göstərir.