Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan hökuməti qarşısında duran əsas vəzifələrdən biri regionların tamamilə özünümaliyyələşdirməyə keçməsidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü maliyyə naziri Samir Şərifov parlamentin İqtisadi siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət komitələrinin 2012-ci il və sonrakı üç il üzrə dövlət və icmal büdcəsi layihəsinin müzakirələrində deyib.
"Təbii ki, bəzi regionlarda bu, mümkün deyil, lakin biz belə potensiala, imkanlara malik regionlarda bunun baş verməsinə çalışırıq", - Şərifov bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, dövlət büdcəsində yerli gəlirlərin məsələsi əhəmiyyət kəsb edir.
"Biz dəfələrlə vergi statistikası üzrə yerli gəlirlərin azalması səbəbini müzakirə etmişik. Halbuki, dövlət heç də az olmayan vəsaitlər ayıraraq ölkənin regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırır. Biz bu problemi Vergilər Nazirliyi ilə nəzərdən keçirmişik və müəyyən etmişik ki, bu məsələ ancaq metodoloji yanaşmadır", - Şərifov deyib.
Nazirin sözlərinə görə, əvvəllər regionlardakı iri vergi ödəyiciləri Bakıda fəaliyyət göstərən Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentində qeydiyyatdan keçirdilər, nəticədə yerli gəlirlər azalırdı və mərkəzləşmiş gəlirlər artırdı. "Bu məsələ artıq həll edilib, buna görə də biz indi yerli gəlirlərdə müsbət dinamikanı müşahidə edirik", - o qeyd edib.