Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir S.Ağayeva/
Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının növbəti - beşinci iclası dekabrın 6-7-də Bakıda keçiriləcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər.
İclasda iştirak etmək üçün Pakistan tərəfdən komissiyanın rəhbəri, neft və təbii resurslar naziri Asim Hüseyn Bakıya gələcək.
"Azərbaycan hökumətinin Pakistanla iqtisadi əlaqələrin inkişafı ilə bağlı konkret təkliflər paketi var. Bakı Pakistanla ticari-iqtisadi əlaqələri genişləndirməyə hazırdır və bu ölkəyə ixrac olunan malların siyahısını neft məhsullarının, sürtgü materiallarının, kimyəvi preparatların, kənd təsərrüfatı məhsullarının bəzi növləri hesabına artıra bilər", - bir müddət əvvəl Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistanın "Centreline" qəzetinə müsahibəsində deyib.
Səfirin sözlərinə görə, Azərbaycan tərəfi hökumətlərarası komissiyanın iclasında iki ölkə arasında birbaşa hava yolunun açılması məsələsini qaldırmaq niyyətindədir. Bu, gələcəkdə iqtisadi əlaqələrin səviyyəsinin xeyli artırılmasına imkan verəcək.
Pakistandan toxuculuq, əczaçılıq və digər məhsulların idxalının artırılması mümkündür.