Azərbaycan, Bakı, 23 noyabr /Trend/
"Ailə TV" kabel televiziyası operatoru abonentlərin xidmət haqqını ödəmələrini rahatlaşdırmaq məqsədi ilə "ödəmə kartları"ndan istifadə etməyə başlayacaq. Trend-in məlumatına görə, bu barədə mətbuata açıqlamasında "Ailə TV" şəbəkəsinin rəhbər şəxslərindən olan Fuad Allahverdiyev bildirib.
Onun sözlərinə görə, ödəmə kartları vasitəsi ilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər həyata keçrmək mümkün olacaq. Allahverdiyev onu da bildirib ki, ödəmə kartlarının qiymətləri "Ailə TV"-nin təklif etdiyi televiziya yayımı paketlərinin qiymətinə uyğun olacaq: "Kartların qiyməti 9 manatdan başlayacaq, 11, 12, 13, 14 və 17 manata qədər dəyişəcək. Misal üçün, əgər abonent "Sport" paketini aktivləşdirmək istəyirsə, buna müvafiq olaraq ödəmə kartı alacaq. Ödəmə kartının seriya nömrələri bazaya qeyd olunduqdan sonra, abonent idman telekanallarına baxa biləcək", - o deyib.
Allahverdiyev qeyd edib ki, abonent "Ailə TV" xidmətinin aktivləşməsi üçün şəhərin istənilən nöqtəsindən ödəmə kartı alacaq, bundan sonra, günün 24 saatı ərzində "Ailə TV"nin müştəri xidmətlərinə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyəcək. Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən sonra xidmət aktivləşəcək. Ödəmə kartlarından həm analoq, həm də rəqəmsal yayımının abunəçiləri istifadə edə biləcəklər.
Onun sözlərinə görə, gələcəkdə ödəmə kartlarının yüklənməsi "Ailə TV"nin saytı (www.aile.tv) və SMS vasitəsi ilə də həyata keçiriləcək.
Allahverdiyev bildirib ki, dekabr ayında satışa çıxarılacaq ödəmə kartlarınn üstünlüyü ondan ibarətdir ki, abunəçi aylıq ödənişi həyata keçirmək üçün "Ailə TV"nin müvafiq filialına getmək və ya ödənişləri toplayan inkassatorun gəlməsini gözləmək məcburiyyətində qalmayacaq.