Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Fiziki şəxs Vüqar Qənbərova məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci məhəllədə yerləşən süd məhsulları istehsalı sexində aparılan yoxlama materiallarının nəticələri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 200.1-ci maddəsi ilə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) cinayət işi başlanıb, istintaq aparılır. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Fiziki şəxs Vüqar Qənbərova məxsus süd məhsullarının istehsalı ilə məşğul olan müəssisədə ayranın, qatığın, xamanın uyğunluq sertifikatları, eləcə də məhsullara dair normativ sənədlər olmadan istehsal edildiyi, istehsal sahəsində anti-sanitariyanın baş alıb getdiyi müəyyən olunub.
Eyni zamanda, müəyyən edilib ki, məhsulların markalanmasında onların saxlama müddəti barədə bilərəkdən yalan məlumatlar əks olunub. Belə ki, reseptura üzrə "Tər-tər" nişanlı qatığın yararlılıq müddəti 72 saat, ayranın yararlılıq müddəti 2 sutka, xamanın yararlılıq müddəti 72 saat, dovğanın yararlılıq müddəti 7 sutka olduğu halda bütün məhsulların qablarının üzərində yararlılıq müddəti 20 gün göstərilib.
İstehsal olunan etiketdə qatıq məhsulunun təbii inək südündən hazırlandığı göstərilsə də, faktiki olaraq quru süddən istifadə olunduğu müəyyən edilib. Müəssisədə istehsal edilən məhsullardan sınaq nümunələri götürülüb və laboratoriya sınaqları nəticəsində 15%-li xamanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. Müəssisədə məhsul istehsalı dayandırılıb.