Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi milli "halal" standartları hazırlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə komitənin sədri Ramiz Həsənov məlumat verib.
"Bu standartlar qida və digər məhsullar üçün tətbiq ediləcək", - Həsənov deyib.
Azərbaycanın Dövlət standartı həmin standartları İslam Əməkdaşlıq Təşkilatına (İKT) üzv ölkələrin işçi qrupu çərçivəsində hazırlayır.
İKT İslam ölkələrinin beynəlxalq təşkilatıdır. Təşkilat sosial, siyasi, iqtisadi sahələrdə əməkdaşlıq və müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə məqsədi ilə 1969-cu il 25 sentyabr tarixində Rabatda keçirilən müsəlman dövlətləri başçılarının konfransında yaradılıb. İKT-nin mənzil-qərargahı Ciddə şəhərində yerləşir. Azərbaycan 1991-ci ildən etibarən təşkilatın üzvüdür.
"Halal" standartları bir çox ölkələrdə, o cümlədən qeyri-müsəlman ölkələrində tətbiq olunur. Postsovet məkanında bu sahədə Qazaxıstan liderlik edir. Qazaxıstanın Sənaye və Ticarət Nazirliyində "halal" məhsullarının standartlaşdırılması üzrə 57 saylı texniki komitə yaradılıb.