Azərbaycan, Bakı, 25 yanvar /Trend/
"Kapital Bank" 2011-ci ildə xidmət şəbəkəsini daha da genişləndirib. Ötən il ölkə üzrə bankın bankomatlarının sayı 421-ə, POS-terminallarının sayı 466-ya çatdırılıb.
Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, il ərzində "Kapital Bank"ın plastik kartlarından istifadə edən müştərilərin də sayı artıb. 1 yanvar 2012-ci il tarixinə olan məlumata görə, bankın aktiv plastik kartlarının sayı 2 131 242 olub.
2011-ci ildə "Kapital Bank" il ərzində istehsal etdiyi "Maestro" kartlarının sayına görə (531 214) ölkənin maliyyə bazarında liderliyi əldə edib və "MasterCard International" beynəlxalq ödəniş sisteminin xüsusi mükafatına layiq görülüb.
Ötən ilin dekabrında bankın ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V2.0 təhlükəsizlik standartları üzrə sertifikasiyanı uğurla başa çatdırması "Kapital Bank"ın öz müştərilərinə təklif etdiyi ödəniş kartlarının təhlükəsizliyini daha da artırır.