Azərbaycan, Bakı, 26 yanvar / Trend/
Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) ölkədə mikro və kiçik biznesə yardım göstərmək üçün AccessBank-a 15 milyon ABŞ dolları həcmində kredit verib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatında deyilir.
Bu kredit 5 il müddətinə verilib və iki tranşdan ibarətdir. Bank artıq 7,5 milyon ABŞ dolları həcmində ilk tranşı alıb. İkinci tranş isə 2012-ci ilin fevral ayında köçürüləcək.
Bu kredit ölkədə mikro və kiçik biznesin maliyyələşdirilməsini nəzərdə tutur. AccessBank-ın geniş müştəri bazasına malik olması sayəsində, ayrılmış vəsaitlər maksimal səmərəli şəkildə sərf olunacaq və Azərbaycanda sahibkarlığın inkişafına yardım edəcək.
EFSE Direktorlar Şurasının sədri Monika Bek deyib: "Biz, hazırki maliyyələşmə sayəsində AccessBank-ın Azərbaycanda kiçik və orta biznesə yönəlmiş planlı inkişaf strategiyasını dəstəkləməkdən məmnunluq duyuruq və Bankla münasibətlərimizi genişləndirməyə çalışırıq. AccessBank, məsuliyyətli maliyyələşdirmə prinsiplərinə sadiq kommersiya bankı kimi, Azərbaycanda digər banklara əhəmiyyətli nümunəvi təsir göstərir".
AccessBank-ın Baş meneceri Andrev Pospielovsky bu kreditin alınmasını şərh edərək deyib: "Bu, bizim Cənub-şərqi Avropa üzrə Avropa Fondundan aldığımız ilk kreditdir və biz bu əməkdaşlıqdan məmnunuq. Geniş maliyyə tərəfdaşları dairəsinə malik olan AccessBank öz müştərilərini hər zaman maliyyə vəsaitləri ilə təmin etməklə, artıq çoxdandır ki, Azərbaycanda etibarlı tərəfdaş kimi nüfuz qazanıb".
EFSE yerli mikro və kiçik müəssisələrin maliyyə ehtiyaclarının daha yaxşı ödənilməsi məqsədi ilə ixtisaslı tərəfdaşları olan kredit təşkilatlarına uzunmüddətli maliyyə alətlərinin təqdim edilməsi yolu ilə Cənub-şərqi Avropada və Cənubi Qafqaz regionunda iqtisadi inkişiafı və tərəqqini stimullaşdırmaq məqsədi daşıyır.
Cənub-şərqi Avropa üzrə Avropa Fondu 15 dekabr 2005-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Almaniya Federal Nazirliyinin (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə, həmçinin KfW Entwicklungsbank (Alman İnkişaf Bankının) təşəbbüsü ilə yaradılıb. EFSE dövlət və özəl sektorların tərəfdaşı, həmçinin məqsədli regionlarda mikro və kiçik müəssisələr üzrə ixtisaslaşan kredit təşkilatlarının maliyyələşdirilməsi üçün yaradılan ilk fonddur. Kapital donor agentlikləri, beynəlxalq maliyyə təşkilatları və özəl təşkilati investorlar tərəfindən təqdim olunur.
АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb ("BB+ proqnoz - sabit"), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanda Ən Yaxşı Bank" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.