Azərbaycan, Bakı, 30 yanvar /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı vaxtı ötmüş ərzaq məhsulları məhv edilib.
Trend-in bazar ertəsi nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakının Xəzər, Səbail, Sabunçu, Binəqədi, Nizami, Yasamal rayonlarında, Şəki, Sumqayıt şəhərlərində, eləcə də Beyləqan və Şəmkir rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.
Ümumilikdə, monitorinqlər zamanı 460 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.