...

Azərbaycanın sığorta-pensiya sistemində həyata keçiriləcək yeni islahatların istiqamətləri açıqlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 16:13 (UTC +04:00)
Azərbaycanın sığorta-pensiya sistemində yeni islahatlar həyata keçiriləcək.
Azərbaycanın sığorta-pensiya sistemində həyata keçiriləcək yeni islahatların istiqamətləri açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Azərbaycanın sığorta-pensiya sistemində yeni islahatlar həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib.

Azərbaycan DSMF 2004-cü ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının üzvü, 2007-ci ildə assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. 2009-cu ildə Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi əks etdirilib. Bu ilin yanvar ayında DSMF 2011-ci ilin nəticələri üzrə BMT İP-nin illik dərgisində "Yaxşı və səmərəli idarəetmə" nominasiyasının qalibi elan edilib.

Müslümovun sözlərinə görə, sistemdə növbəti islahatların sırasına sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi, məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, Fondun fəaliyyətinin avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı daxildir. Sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi sahəsində ABŞ Ticarət və İnkişaf Agentliyi ilə "Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan qrant haqqında saziş" və Dünya Bankının "Sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində mühüm işlər həyata keçirilib.

"Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi də islahatların mühüm istiqamətlərdəndir. Bu tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarının strukturunun optimallaşdırılmasına, əmək miqrantlarının sosial sığortasının təkmilləşdirilməsinə, fərdi uçot sisteminin inkişafı nəticəsində inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsinə nail olunacaq. Digər mühüm istiqamət isə Fondun fəaliyyətinin avtomatlaşdırılmasıır. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması icra olunacaq. Eyni zamanda, pensiyaların ödənişinin avtomatlaşdırılması tədbirləri davam etdiriləcək", - o deyib.

Müslümov bildirib ki, normativ hüquqi bazanın hazırlanması, sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması, fərdi yığım hesablarında toplanan vəsaitlərin pensiya təminatına yönəldilməsi tədbirləri həyata keçiriləcək. Qeyri-dövlət pensiya institutlarının inkişafı sahəsində görüləcək işlərə gəldikdə isə DSMF sədri bildirib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilməklə yanaşı, normativ hüquqi bazanın hazırlanması, qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması istiqamətində işlər görüləcək.

2006-cı il yanvarın 1-dən Azərbaycan beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sistemini tətbiq edir. Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərir. Ötən 5 ildə Azərbaycan Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib. Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1300 min nəfərdən 1967 min nəfərə çatıb. 2006-cı ildən hazıradək pensiyaların minimum məbləğində 3,4 dəfə, orta aylıq məbləğində isə 5 dəfə artım baş verib.

Xəbər lenti

Xəbər lenti