...

Azərbaycanda sığorta hadisələrinin çoxu havanın pisləşməsi nəticəsində yol qəzaları səbəbindən olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 19:58 (UTC +04:00)
Son həftə ərzində Azərbaycanda sığorta hadisələrinin çoxu pisləşən hava şəraiti nəticəsində yol qəzaları səbəbindən baş verib.
Azərbaycanda sığorta hadisələrinin çoxu havanın pisləşməsi nəticəsində yol qəzaları səbəbindən olub

Azərbaycan, Bakı, 3 fevral/Trend müxbir A. Axundov/

Son həftə ərzində Azərbaycanda sığorta hadisələrinin çoxu pisləşən hava şəraiti nəticəsində yol qəzaları səbəbindən baş verib. Bu barədə cümə günü Trend-ə sığorta şirkətlərindən məlumat veriblər. Son günlər qar və şaxta ölkədə sığorta hadisələrinin artmasına səbəb olub.

Beynəlxalq Sığorta Şirkətindən Trend-ə bildiriblər ki, şirkət üçün gündə təxminən 4 hadisə norma sayıldığı halda, son günlər orta hesabla təxminən 13 hadisə qeydə alınır.

"Düzdür, maşınlar yavaş sürətlə hərəkət etdiyinə görə ziyan azdır", - şirkətdən qeyd ediblər.

Bunu "Azərbaycan Sənaye Sığorta" şirkətindən də vurğulayıblar. Şirkətin İdarə Heyətinin sədr müavini Faiq Hüseynovun Trend-ə dediyinə görə, hava şəraitinin pisləşməsi səbəbindən sığorta hadisələri 2-2,5 dəfə artıb.

Sığorta hadisələri üzrə AXA MBASKA-a daxil olan müraciətlərin sayı da təxminən üç dəfə artıb.

"Son iki gündə gün ərzində 14 hadisə qeydə alınır, halbuki adətən təxminən beş hadisə olur", - şirkədən bildiriblər.

Sığorta hadisələri və əsasən də KASKO üzrə müraciətlərin sayı "İpək Yolu Sığorta" və "Bakı Sığorta" şirkətlərində də artıb.

"Bakı Sığorta" şirkətinin İdarə heyətinin sədr müavini Mehman Əliyev Trend-ə deyib ki, üç gün ərzində ödənişlərə görə müraciətlərin sayı 1,5 dəfə artıb.

"Son həftə ərzində sığorta hadisələri 40-50 faiz artıb. Onlar əsasən, KASKO-nun payına düşür və buz bağlayan yollardakı qəzalar səbəbindən olub" , - "Mega Sığorta"dan vurğulayıblar.

Lakin bəzi şirkətlərdə müraciətlərin sayında əhəmiyyətli dəyişikliklər müşahidə edilməyib.

"AtaSığorta"nın İdarə Heyətinin sədr müavini İsrail Qarayevin Trend-ə verdiyi məlumata görə, sığorta hadisələri ilə bağlı sığorta olunanlardan şirkətə müraciətlərin sayı fevralın 1-də 4, fevralın 2-də 4, fevralın 3-də 1 (16:00-a qədər) olub ki, bu da adi mənzərəni əks etdirir.

"AtaSığorta" üçün sutkada altıdan çox olmayan hadisə statistik norma sayılır" , - Qarayev qeyd edib.

"Başak İnam Sığorta" şirkətinin İdarə Heyəti sədrinin köməkçisi Hikmət Allahverdiyevin sözlərinə görə, son günlər şirkətə müraciətlərin sayında ciddi dəyişikliklər olmayıb.

Ötən həftənin sonundan etibarən Azərbaycanda hava şəraiti kəskin pisləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dən sonra da davam edəcək.

Bakıda fevralın 4, 5, 6-da gecə saatlarında havanın temperaturu 5-10 dərəcə şaxta olacaq.

Fevralın 4-5-də Bakıda gündüz saatlarında temperatur 0 dərəcədən mənfi 1 dərəcəyədək şaxta olacaq.

Fevralın 6-da gündüz saatlarında temperatur müsbət 2 dərəcəyə qədər artsa da, fevralın 7-dən yenidən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olacağı və havanın kəskin pisləşəcəyi, çovğunla müşahidə olunacaq qarlı və şaxtalı hava şəraiti proqnozlaşdırılır.

Bakıda yanvarın sonu və fevralın ilk günlərində qarla müşahidə olunan çovğun qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti