Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A.Axundov/
Azərbaycanda vergi orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsinin düzgün tərtib edilməsi və yerinə yetirilməsinə müvafiq dəyişikliklər edilib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı dərc edilən qərarda deyilir.
Azərbaycanda vergi orqanları işçilərinin sosial müdafiəsini təmin etmək məqsədilə bu orqanların büdcədənkənar fondlara ödənişlərinin payı 5 dəfə artırılıb. Bu ödənişlər vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının dövlət büdcəsinə göndərilməsi hesabına həyata keçirilir.
Milli Məclisin qəbul etdiyi və Prezidentin təsdiq etdiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, büdcədənkənar fonda ayrılan məbləğlərin həcmi indiki 5 faizdən 25 faizə qədər artırılıb.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin əvvəl dediyinə görə, dəyişikliklər nəticəsində vergi orqanları işçilərinin sosial müdafiəsi məsələlərindəki uyğunsuzluq müəyyən mənada aradan qaldırılacaq.
"Biz Vergilər Nazirliyi ilə birgə araşdırma apardıq və məlum oldu ki, mövcud dəyişikliklər digər dövlət strukturlarındakı oxşar dəyişikliklərə uyğun gəlir", - Səmədzadə bildirib.