...

Azərbaycanın iş adamları Pakistana uğurla investisiya qoya bilərlər – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 17:22 (UTC +04:00)
Azərbaycanın iş adamları Pakistanda qaz və alternativ enerji ilə işləyən kiçik müəssisələr sahəsinə kifayət qədər uğurla investisiyalar yatıra bilərlər.
Azərbaycanın iş adamları Pakistana uğurla investisiya qoya bilərlər – səfir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın iş adamları Pakistanda qaz və alternativ enerji ilə işləyən kiçik müəssisələr sahəsinə kifayət qədər uğurla investisiyalar yatıra bilərlər. Trend-in məlumatına görə, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov belə hesab edir.

"Pakistanda kifayət qədər əlverişli investisiya mühiti yaradılıb: aşağı faiz dərəcələri, ucuz işçi qüvvəsi, xammal mövcuddur, kapitalın gətirilməsinə məhdudiyyətlər yoxdur. Həmçinin, ölkədə ikitərəfli qanunverici aktların mötəbər paketi ilə yanaşı, bürokratik müdaxilənin minimallaşdırılması göz qabağındadır, azərbaycanlılara münasibətdə müsbət əhval-ruhiyyə müşahidə olunur. Hesab edirəm ki, Azərbaycan biznesinin nümayəndələri kiçik enerji müəssisələri sahəsinə kifayət qədər uğurla yatırımlar edə bilərlər", - Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bazar ertəsi Trend-ə bildirib.

Onun sözlərinə görə, bundan əvvəl Azərbaycan hökuməti Pakistan tərəfinə iqtisadi əlaqələrin inkişafına dair paket təqdim etmişdi ki, bu da öz əksini ötən ilin dekabrında keçirilən hökumətlərarası komissiyanın iclası zamanı imzalanmış sənəddə tapıb.

"Sənəddə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinə yönəldilmiş tədbirlər öz əksini tapıb. Bu, ticarətin, enerji sahəsində əməkdaşlığın, sənaye və əczaçılıq sektorlarının, qarşılıqlı investisiyaların inkişafına, birgə müəssisələrin yaradılmasına və s. yönəldilmiş tam bir sıra tədbirləri nəzərdə tutur", - Şikarov deyib.

Ümumilikdə, Şikarovun sözlərinə görə, şübhəsiz ki, 2011-ci il "bütün istiqamətlərdə - hərbi, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə dinamik inkişaf edən" ikitərəfli əlaqələr üçün uğurlu il olub.

Yüksək səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsi, hökumətlərarası komissiyaların iclasları, beynəlxalq arenada səmərəli əlaqələndirilmiş əməkdaşlıq, Azərbaycanın Pakistandakı humanitar layihələrdə iştirakı - bunlar ikitərəfli əlaqələr müstəvisindəki uğurların heç də tam siyahısı deyil.

Diplomat sonda bildirib ki, iqtisadi əlaqələrin gələcəkdə siyasi münasibətlərin dərinləşməsi şəraitində genişlənməsi prioritet olacaq.

Xəbər lenti

Xəbər lenti