Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir A.Axundov/
Azərbaycan Vergilər Nazirliyi vergi ödənişlərinin ümumu həcmində könüllü ödənişlərin payının 80-85 faiz səviyyəsində olmasını qənaətbəxş hesab edir.
Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov "Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda cümə axşamı keçirilən ictimai müzakirələr zamanı bildirib.
"Hazırda bu pay 67 faiz təşkil edir, qalan hissənin ödənilməsi üçün təkrar xatırlatma və ya məcbur etmək zərurəti yaranır", - Ələkbərov qeyd edib.
Onun sözlərinə görə, problem könüllü ödəniş və inzibati tədbirlərin tətbiqi arasında sərhədin müəyyənləşdirilməsindən ibarətdir.
"Bu gün nazirlik qarşısında dayanan əsas məqsəd əhalinin vergilərin könüllü ödənişinə keçməsidir. Hazırda bunun üçün imkanlar məhduddur və bu məqsədlə QHT və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı inkişaf etdirmək lazımdır", - Ələkbərov qeyd edib.