...

Azərbaycan İnvestisiya Şirkəti maliyyələşdirmənin artırılmasına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 12:48 (UTC +04:00)
Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) aktivləri 2011-ci ildə 4,5 milyon manat artaraq, ilin sonuna 174,8 milyon manata çatıb, mənfəət 14,5 milyon manat təşkil edib.
Azərbaycan İnvestisiya Şirkəti maliyyələşdirmənin artırılmasına hazırlaşır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir A.Axundov /

Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) aktivləri 2011-ci ildə 4,5 milyon manat artaraq, ilin sonuna 174,8 milyon manata çatıb, mənfəət 14,5 milyon manat təşkil edib. Bunun AİŞ-nin icraçı direktoru Əfqan İsayev ötən həftənin sonlarında keçirilən şirkətin Müşahidə Şurasının iclasında deyib. Trend-in məlumatına görə, bu barədə şirkətin yeganə təsisçisi kimi çıxış edən İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

İclasda 2011-ci il üzrə illik büdcənin icrası və 2012-ci ilin büdcəsinin təsdiq edilməsi, ötən il üzrə maliyyə hesabatlarına baxılması, AİŞ-in nizamnamə kapitalında iştirak payına və ya səhmlərinə malik olduğu müəssisələrin fəaliyyəti ilə bağlı keçirilmiş monitorinqin nəticələri və digər məsələlər müzakirə edilib.

Aparılmış monitorinqin nəticələri ilə bağlı məlumat verilib ki, Hövsan qəsəbəsində müasir süd zavodunun inşası layihəsi başa çatıb, müəssisə test rejimində fəaliyyətə başlayıb. Bununla yanaşı, "Qaradağ Sement" zavodunda quru istehsal texnologiyasına əsaslanan yeni sobanın tikintisi başa çatdırılıb və artıq test rejimində ilk klinker istehsal edilib. "Sənqəçal Qaradağ Neft və Qaz terminalı" layihəsinin də başlanğıc fazası icra edilib. 2011-ci ildə AİŞ-in 17,5%-lik pay əldə etdiyi "Azərtoxum" MMC fəaliyyətini uğurla davam etdirib.

AİŞ-nin Dövlət Neft Şirkəti və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti ilə birgə iştirak etdiyi "Bakı Gəmiqayırma Zavodu"nun tikintisi layihəsi qrafikə uyğun icra edilir.
Azərbaycan İnvestisiya Şirkəti bir sıra layihələrə ("Ağstafa Aqroservis" layihəsi, "Uşaq Qidasının Qablaşdırılması" layihəsi, İşlənmiş akkumulyatorların təkrar emalı layihəsi) investisiya qoyuluşları həyata keçirmək üçün müvafiq işlər aparır.

İqtisadi İnkişaf naziri Şahin Mustafayevin sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədr müavini, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Müşahidə Şurasının üzvləri - Maliyyə nazirinin I müavini İlqar Fətizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Mərkəzi Bankın sədr müavini Vadim Xubanov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti