...

Azərbaycanda icazə portalının yaradılması özəl sektorun dəstəklənməsi üçün daha bir tədbirdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 14:28 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi cümə axşamı www.icazeler.gov.az İnternet portalının təqdimatını keçirib.
Azərbaycanda icazə portalının yaradılması özəl sektorun dəstəklənməsi üçün daha bir tədbirdir

Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir A.Axundov/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi cümə axşamı www.icazeler.gov.az İnternet portalının təqdimatını keçirib.

Həmin portalda mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən verilən icazələr haqqında məlumat əks olunacaq.

Hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri, yeni sahələr üzrə öz fəaliyyətini və işini genişləndirmək istəyən sahibkarlar vahid məlumat mənbəyindən fəaliyyət növündən asılı olaraq icazə xarakterli lazımi sənədlər, bu icazələrin verilməsi və qüvvədə olduğu dövr, sahibkarlıq sahəsində hazırlanan qanunvericilik aktları haqqında məlumat əldə edə biləcəklər. Beləliklə, sahibkarlar öz bizneslərinin planlaşdırılmasında risklərin azaldılması üçün praktiki vəsait əldə edəcəklər.

Nazir müavini Niyazi Səfərovun sözlərinə görə, belə portalın yaradılması özəl sektorun dəstəklənməsi ilə bağlı dövlətin gördüyü daha bir tədbirdir.

"Bu portalın işi sahibkarların icazələr haqqında və bu sahədə şəffaflıqla bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edəcək", - Səfərov deyib.

Portal sahibkarlıq subyektləri, xüsusilə də kiçik və orta biznes üçün nəzərdə tutulub. Portal mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən verilən icazələr haqqında məlumatı (icazənin növünün adı, hüquqi əsas, tələb olunan sənədlərin siyahısı, icazəni verən orqanın adı və hüquqi ünvanı) əks etdirəcək.

Bununla yanaşı portalda xidmətlər bölməsi yaradılacaq ki, burada mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən hazırlanan sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri yerləşdiriləcək.

Layihələrin mətnləri bir ay ərzində portalda saxlanacaq və ictimaiyyət tərəfindən şərh edilmək üçün açıq olacaq.

Habelə portalda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lazım olan icazələrin bütün növləri üzrə (icazənin növünün adı, hüquqi əsas, tələb olunan sənədlərin siyahısı, icazəni verən orqanın adı və hüquqi ünvanı) rahat axtarış sistemi yaradılacaq.

Portalda xüsusi xidmətlər bölməsinin yaradılması sahibkarların məlumatlılığını yaxşılaşdırmaqla yanaşı, onların qanunvericilik aktlarının yaradılmasında bilavasitə iştirakını təmin edəcək. Digər tərəfdən bu bölmə sahibkarlıq sahəsini tənzimləyən normativ-hüquqi akt layihələrinin hazırlanması prosesinni şəffaf şəkildə həyata keçirməyə imkan verəcək.

Sahibkarlığın bəzi növləri üzrə icazələrin alınması prosedurları haqqında məlumatın əldə olunması sahibkarlıq mühitinin yaxşılaşdırılması və şəffaflığın artırılması baxımından vacibdir.

Xəbər lenti

Xəbər lenti