...

Maliyyə Nazirliyi dövlət büdcəsinin proqnozlarına düzəlişlər edilməsinə ehtiyac görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbirlər A.Axundova, E.İsmayılov/

Azərbaycan Maliyyə Nazirliyi dünya bazarlarında neftin qiymətlərinin artmaqda davam etməsinə baxmayaraq, 2012-ci ilin dövlət büdcəsinin proqnozlarına düzəlişlər edilməsinə ehtiyac görmür. Bu barədə çərşənbə günü Trend-ə maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

"Biz dövlət büdcəsinin parametrlərinə düzəlişlər edilməsinə kəskin zərurət görmürük. Büdcənin gəlirləri nə qədər çox olarsa, onun profisiti bir o qədər yüksək olacaq", - Bayramov deyib.

Onun sözlərinə görə, dünya bazarlarında neftin qiymətlərinin artımı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) hasilat həcminin hazırda proqnozlaşdırılandan aşağı olmasını kompensasiya etmir.

"Biz mənfəət vergisindən əldə edilən səmərəni yalnız gələn il hiss edəcəyik. Buna görə də hələlik ciddi dəyşikliklər yoxdur və düşünürəm ki, proqnozlar və faktlar arasında faciəvi fərq olmayacaq. Bu səbəbdən düzəlişlərə kəskin zərurət yoxdur", - Bayramov qeyd edib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə, cari il üçün dövlət büdcəsinin proqnozlarına yenidən baxılarsa, əlavə vəsaitlər sosial müdafiənin səviyyəsinin yüksəldilməsinə və infrastruktur obyektlərinin yaradılmasına ayrılacaq.

"Həqiqətən də böyük vəsaitlər infrastruktur obyektlərinin tikintisinə ayrılır, əlavə vəsaitlər, həmçinin, bu il əhalinin keçmiş AzSSR-in Əmanət Bankındakı əmanətlərinin qaytarılmasına ayrılacaq. Büdcə proqnozlarına yenidən baxılacağı mümkündür. Bu zaman vəsaitlər sosial müdafiənin səviyyəsinin möhkəmləndirilməsinə və infrastruktur obyektlərinin yaradılmasına ayrılacaq", - Səmədzadə qeyd edib.

Onun sözlərinə görə, bu ilin dövlət büdcəsində Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsulları istehsalı üzrə iri kompleksin yaradılması ilə bağlı xərclər nəzərdə tutulmayıb.

"Müvafiq olaraq, əgər büdcə proqnozlarına yenidən baxılarsa, büdcəyə bu iri layihənin reallaşdırılması üçün hazırlıq işlərinin aparılmasına xərclər daxil edilə bilər", - Səmədzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti