Azərbaycan, Bakı, 7 may /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərzaq məhsulları aşkar olunub.
Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakının Nərimanov, Nəsimi rayonlarında, Sumqayıt, Şabran, Masallı şəhərlərində, eləcə də Ağstafa, Goranboy, Füzuli rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 610 kq-dan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.