Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Axundov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda kimyəvi məhsulların istehsalı üç dəfədən çox artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov 2-ci Xəzər beynəlxalq Plastik Kütlələr və Kauçuk ("Plastex Caspian-2012") sərgisinin açılış məraismində bildirib.
"Bu, Azərbaycanda plastik məhsullar və kauçuk istehsalı üçün böyük xammal bazası yaradıb", - Məmmədov deyib.
Onun sözlərinə görə, əgər 1995-ci ildə belə məhsulların istehsalı üzrə 10 milyon manatlıq dövriyyə ilə 9 müəssisə çalışırdısa, indi belə müəssisələrin sayı 60-dək artıb. Onların dövriyyəsi 70 milyon manat təşkil edir. Müvafiq olaraq, artım 11 dəfə təşkil edir.
Onun sözlərinə görə, yaxın illərdə kimyəvi məhsulların istehsalı artacaq ki, bu da ölkənin həm daxili tələbatını təmin etməyə, eləcə də ixrac potensialını artırmağa imkan verəcək.