Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Ə.Həsənov/
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov və nazirliyin müvafiq strukturlarının məsul şəxsləri nazirliklə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Bakı şəhərinin Yasamal rayonunda sağlamlıq imkanları məhdud (əqli geriliyi olan) uşaqlara göstərilən icma əsaslı reabilitasiya xidmətlərinə baxış keçiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu xidmətlər zamanı yüksək keyfiyyətli təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən funksional qiymətləndirmə, aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsullarından istifadə olunaraq, uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün onlarda zəruri bacarıq və vərdişlər yaradılır.
Reabilitasiya xidmətlərini həyata keçirən mütəxəssis heyəti və bu xidmətlərə cəlb olunmuş uşaqların valideynləri ilə görüşdə Rəhimov bildirib ki, möhtərəm Prezident İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq keyfiyyətcə yeni inkişaf mərhələsində inamla addımlayan, müasir dövlət quruculuğunun geniş vüsət aldığı Azərbaycanda sosial xidmətlər sisteminin də mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi proseslərinə başlanılıb.
Bu proseslərin tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud uşaqlara daha səmərəli reabilitasiya xidmətlərinin göstərilməsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birinə çevrilib.
Hələ 2008-ci ildə "Sosial Xidmətlər Təşəbbüsü" ilə birgə Quba və İsmayıllı rayonlarında ölkədə ilk dəfə olaraq səyyar reabilitasiya xidmətləri layihəsinə start verilib. 2012-ci ilin əvvəllərindən isə ilk dəfə dövlət sifarişi əsasında UAFA ilə birgə Bakı, Sumqayıt, Gəncə, Xaçmaz və Şəkidə sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətlərinin pilot layihəsinin icrasına başlanıb.
Uşaqların valideynləri belə layihələrin olduqca əhəmiyyətli olduğunu qeyd edərək, bu sahədə görülən işləri uşaqlara diqqət və qayğının real ifadəsi kimi dəyərləndiriblər.
KİV-ə müsahibəsində nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UAFA arasında imzalanan müqavilə ölkəmizdə sosial xidmətlər üzrə dövlət-QHT əməkdaşlığının rəsmiləşdirilməsində ilk addımdır. Müqaviləyə əsasən, UAFA tərəfindən Bakı, Gəncə və Sumqayıt şəhərlərində, Xaçmaz və Şəki rayonlarında ən azı 375 nəfər sağlamlıq imkanları məhdud uşağa və onların ailələrinə bir il ərzində icma əsaslı reabilitasiya xidmətləri göstərəcək.
Pilot layihə çərçivəsində əldə olunan müsbət təcrübə əsas götürülməklə, ölkənin digər regionlarında da icma əsaslı reabilitasiya xidmətlərinin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının uşaqların hüquqları ilə bağlı qoşulduğu müvafiq beynəlxalq sənədlərdə - BMT-nin "Uşaq hüquqları haqqında" və "Əlillərin hüquqları haqqında" konvensiyalarında, Avropa Şurasının "Əlillik üzrə 2006-2015-ci illər üzrə Fəaliyyət Planı"nda, Dəyişdirilmiş Avropa Sosial Xartiyası və s. sənədlərdə risk qrupunda olan uşaqlar üçün icma əsaslı sosial xidmətlərin təmin edilməsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə səmərəli əməkdaşlıq xüsusi yer tutur.