...

Qusarda "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 15:25 (UTC +04:00)
Qusarda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib.
Qusarda "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 31 may /Trend/

Qusarda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətlənir, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir. Aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan istifadənin stimullaşdırılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabət qabiliyyətinin artırılmasına, məhsul istahsalının genişləndirilməsinə imkan yaradır.

Hazırda ölkəmiz bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edir və xarici ölkələrə məhsul ixrac edir. Zaur Qasımov həmçinin, aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun olaraq təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən nazirliyin əməkdaşları kənd təsərrüfatı məhsullarının istehsalında rəqabət qabiliyyətliyin artırılması, yerli məhsulların potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracında "GSP+" proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Həmçinin, sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə www.icazeler.gov.az portalının yaradıldığı, saytın icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyi olduğu diqqətə çatdırılıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) nümayəndəsi Mark Bekman təşkilatın həyata keçirdiyi "Azərbaycanda özəl sektorun inkişafına dəstək" layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti