...

Azərbaycanın Türkiyə və Gürcüstanla mal dövriyyəsi və qarşılıqlı investisiyaları artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2012 17:04 (UTC +04:00)
Azərbaycanın Türkiyə və Gürcüstanla mal dövriyyəsi və qarşılıqlı investisiyaları ildən-ilə artır.
Azərbaycanın Türkiyə və Gürcüstanla mal dövriyyəsi və qarşılıqlı investisiyaları artır

Türkiyə, Qars, 9 iyun / Trend, müxbir A.Tağıyeva /

Azərbaycanın Türkiyə və Gürcüstanla mal dövriyyəsi və qarşılıqlı investisiyaları ildən-ilə artır ki, bu da ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyəsinə, hökumətlərarası komissiyaların və başqa təşkilatların səmərəli fəaliyyətinə və biznes forumlarının keçirilməsinə yardım edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadiyyat nazirlərinin Türkiyənin Qars şəhərində keçirilən görüşü zamanı bildirib.

Nazirin sözlərinə görə, 2012-ci ilin 4 ayının yekunları üzrə Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 60 faiz artıb. Azərbaycanla Gürcüstan arasında mal dövriyyəsi müvafiq olaraq 15 faiz artıb.

"Bu gün Azərbaycanda Türkiyə investisiyaları ilə 1106 şirkət, Türkiyədə Azərbaycan investisyaları ilə 844 şirkət fəaliyyət göstərir", - Mustafayev qeyd edib.

Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının həcmi 1,9 milyard dollar təşkil edir. ARDNŞ-nin və başqa Azərbaycan şirkətlərinin Türkiyə iqtisadiyyatına investisiyaları 4,5 milyrad dollar həcmindədir. Təkcə ARDNŞ-nin Türkiyədə investisiyaları 2018-ci ilədək 17 milyard dollar təşkil edəcək.

Mustafayevin sözlərinə görə, bununla yanaşı, Azərbaycan investisiyaları ilə Gürcüstanda 272 şirkət çalışır və 1996-cı ildən 2011-ci ilədək olan dövrdə həmin şirkətlər Gürcüstan iqtisadiyyatına 454,4 milyon dollar sərmayə qoyublar.

Nazir qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın rəsmi şəxsləri və iş adamları qarşısında duran birinci dərəcəli vəzifə ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və inteqrasiya prosesinin dərinləşdirilməsidir.

Onun sözlərinə görə, ölkələr tranzit imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılmasına səy göstərməlidirlər. Eləcə də yeni layihələr reallaşdırmaqla Azərbaycan, Türkiyə və Gürcüstan digər ölkələrə birgə investisiyalar həyata keçirməlidirlər.

Mustafayev çıxışının sonunda konfrans iştirakçılarını növbəti görüşü Azərbaycanda keçirməyə çağırıb və forumun işində uğurlar arzulayıb.

Azərbaycanın nümayəndə heyəti Qarsa səfər edib və Heydər Əliyev parkında ümummilli liderin büstü önünə çiçək dəstələri qoyublar.

Xəbər lenti

Xəbər lenti