...

Dünya Bankı "Azərbaycan kənd investisiyaları" layihəsinin II mərhələsinə 30 milyon dollar vəsait ayrılmasını bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Axundov/

Dünya Bankının (DB) Direktorlar Şurası "Azərbaycan kənd investisiyaları" ikinci layihəsini (AzKİL-2) bəyənib. Bu barədə Trend-ə bankdan məlumat verilib.

"Layihənin məqsədi kənd infrastrukturlarına çıxışın yaxşılaşdırılması və kənd təsərrüfatının iqtisadi fəaliyyətinin genişləndirilməsidir. Layihənin reallaşdırılması nəticəsində Azərbaycanda 1,5 milyona yaxın kənd əhalisi infrastruktura və sosial xidmətlərə daha yaxşı çıxış əldə edəcək", - məlumatda deyilir.

Layihənin dəyəri 53,6 milyon dollar təşkil edir. Bundan 30 milyon dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB DB qrupuna daxildir) xətti ilə, 23,6 milyon dollar isə Azərbaycanın hökumətinin layihədə iştirak payı hesabına ödəniləcək.

Yeni layihə birinci layihənin davamıdır, amma ondan fərqli olaraq, ölkənin bütün ərazisinin əhatə edilməsini nəzərdə tutur. Birinci layihənin reallaşdırması 2012-ci ildə başa çatacaq, ikinci layihə isə 2012-2017-ci illərə hesablanıb. Bundan başqa, əgər birinci layihə yalnız 45 rayonu əhatə edirdisə, ikinci layihəyə 56 rayon daxildir.

Xəbər lenti

Xəbər lenti