...

Bakıda bir sıra avtomobil yolları təmir olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/

Bir neçə ay ərzində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Binəqədi şosesi, Biləcəri qəsəbəsi vasitəsilə Bakı-Sumqayıt yolunun onuncu kilometrliyindən avtomobillərin təhlükəsiz və sərbəst hərəkətini təmin edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Binəqədi şosesi, Biləcəri qəsəbəsi vasitəsilə hərəkətin təmin edilməsi Yəhya Hüseynov, Asəf Zeynallı və Ordubadi küçələrindəki avtomobil yollarının təmiri sayəsində mümkün olacaq.

"Həmin küçələrdəki yollarda təmir işlərinin bir neçə ay ərzində başa çatdırılması planlaşdırılır", - Mürsəliyev deyib.

Yəhya Hüseynov küçəsindəki yolun uzunluğu 1,4 kilometr, eni 8-10 metr təşkil edir. Burada yol örtüyünün 300 metrində işlər görülüb, eləcə də kommunikasiyalar dəyişdirilib, səkilər təmir olunub, bordürlər əvəz edilib. Sahədə iki qat asfalt örtüyü salınıb.

Asəf Zeynallı küçəsindəki yolda kommunikasiyalar dəyişdirilir, səkilər təmir olunub, bordürlər əvəz edilib. Görülən işlər nəticəsində yolun eninin 5-6 metrdən 9 metrədək genişləndirilməsi planlaşdırılır.

ASC göstərilən iki yolda yenidənqurma və təmir işlərini başa çatdırdıqdan sonra Ordubadi küçəsində təmir işlərinə başlamağı planlaşdırır. Asəf Zeynallı və Ordubadi küçələrində yolun uzunluğu 4 kilometrə yaxındır.

Xəbər lenti

Xəbər lenti