...

Türkiyənin əmək və sosial müdafiə naziri azərbaycanlı həmkarı ilə görüşüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İyulun 12-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çeliyin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində görüşlərə başlanmazdan öncə nazir Faruk Çelik azərbaycanlı həmkarı Fizuli Ələkbərov və hər iki nazirliyin nümayəndələri Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət ediblər.

Sonra türkiyəli qonaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış şəraitlə, o cümlədən binada ölkənin müxtəlif bölgələri ilə distant video-əlaqə yaratmağa, yerlərdən məlumatları dərhal qəbul etməyə, paytaxta gəlmək imkanı olmayan vətəndaşların suallarını videoəlaqə vasitəsilə cavablandırmağa imkan verən VS (videokonfrans) sistemi ilə tanış olublar. Videokonfrans zalında nazir Faruk Çeliklə bir sıra bölgələrin sakinləri arasında birbaşa videoəlaqə yaradılıb.

Qonaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələri üçün müxtəlif bölgələrdə inşa etdirilən yaşayış evlərinin, eyni zamanda sosial cəhətdən həssas əhali qruplarının daha dolğun şəkildə tibbi və sosial reabilitasiyasına xidmət edəcək yeni sosial obyektlərin maketləri ilə də tanış edilib, bu istiqamətlərdə görülən işlər barədə məlumat alıblar.

Görüşdə Fizuli Ələkbərov qardaş ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu qeyd edərək, eyni zamanda əmək və sosial müdafiə sahəsində əməkdaşlığın uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizdə dayanıqlı iqtisadi tərəqqiyə nail olunduğunu, Azərbaycanın dünyada ən sürətlə inkişaf edən bir ölkəyə, regional güc mərkəzinə çevrildiyini konkret göstəricilər əsasında diqqətə çatdıran nazir eyni zamanda, respublikamızda sosial rifah halının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının inkişafı, əmək və sosial müdafiə sahəsində beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrlə əməkdaşlıq istiqamətlərində görülən işlər və onların müsbət nəticələri barədə ətraflı məlumat verib.

Azərbaycanın hər bir uğuruna sevindiklərini bildirən nazir Faruk Çelik iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini deyərək, bu əlaqələrin daimi inkişafının onlarda məmnunluq yaratdığını, həmçinin əmək və sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün ölkəsi tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Daha sonra iki qardaş ölkənin nazirlikləri arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçirilib. İclasda Birgə Daimi Komissiyanın 17 may 2010-cu il tarixdə Ankarada keçirilən altıncı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə edilir.

İclasın yükunlarına dair Protokol imzalanacaq.

Xəbər lenti

Xəbər lenti