Azərbaycan, Bakı, 1 avqust /Trend/
Bakı Biznes Tədris Mərkəzində çərşənbə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Koreya Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış "Azərbaycanda xüsusi iqtisadi zonaların (XİZ) və sənaye şəhərciklərinin inkişafı layihəsi" çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ekspertləri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov Mərkəzin fəaliyyəti, Azərbaycanda XİZ-in və sənaye şəhərciklərinin inkişafına dəstək göstərmək üçün həyata keçirilməsi nəzərdə tutulan təlimlər və seminarlar, kadrların ixtisasının artırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Almaniyada keçirilən ixtisasartırma kursları barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin XİZ və sənaye parklarının idarə olunması və insan potensialının gücləndirilməsi istiqamətində azərbaycanlı və koreyalı ekspertlərin birgə həyata keçirəcəyi tədqiqatlar müzakirə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.